İtaliya yığmasının baş məşqçisi postuna namizədlərin ilkin siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan “Skuadra Adzurra”nın indiki çalışdırıcısı Antonio Kontenin final mərhələsindən sonra postunu tərk etmək istəyi İtaliya Futbol Federasiyasını axtarışlara vadar edib.
Qurumun prezidenti Karlo Tavekkio baş məşqçiyə iki illik yeni müqavilə təklif edəcəklərini bildirsə də, federasiyada fərqli fikirdə olanlar da az deyil. Bunun nəticəsidi ki, qurumda alternativ variantlar da nəzərdən keçirilir. 46 yaşlı çalışdırıcının bu təklifi qəbul etməyəcəyi və onun yenidən klublardan birində fəaliyyət göstərmək istədiyini başa düşən futbol funksionerləri Fransa-2016-dan sonra üçün indidən işə başlayıb.
Siyahıya Maasimilano Alleqri başçılıq edir. Onun kimi Rusiya millisindən ayrıldıqdan sonra bir müddətdi işsiz olan Fabio Kapello da Konteni əvəzləyə bilər.
İtaliyada DÇ-2006-nın qəhrəmanları Marçello Lippi ilə Fabio Kannavaro cütlüyünün də tərəfdarları az deyil. Daha iki mütəxəssis - Karlo Ançelotti ilə Luçano Spalletti də namizədliyi götür-qoy edilən çalışdırılar siyahısındadı.