[b]Arif Əsədov Robert Prosineçkinin cavabını verdi[/b]
23.02.2015 - 14:53
[b]Arif Əsədov Robert Prosineçkinin cavabını verdi[/b]

“Millinin baş məşqçisinin Ruslan Qurbanovla bağlı açıqlamasında nə demək istədiyini dəqiq bilmirəm. Çünki həmin açıqlamanı oxumamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Yığmamızın baş məşqçisi Robert Prosineçki Antalyada keçirdiyi bugünkü mətbuat konfransında “başa düşmürdüm ki, Ruslan Qurbanov nəyə görə "Neftçi"nin əsas heyətində daim oynamırdı?”, deyə söyləmişdi.

 

“Neftçi”nin çalışdırıcısı isə “Hayduk”a icarəyə verilən oyunçu ilə bağlı tam başqa fikirdədi: “Ruslan Qurbanov ən çox şansı mənim vaxtımda əldə edib. Yalnız “Hayduk”a getməzdən öncə zədəli olduğu üçün 1-2 oyunda iştirak etmədi. Fikrimcə, Ruslan “Neftçi”də olduğu müddətdə kifayət qədər oynamaq imkanı əldə etdi. O ki qaldı daim əsas heyətdə çıxış etməmə məsələsinə, bizdə hər mövqedə 2-3 eyni səviyyəli futbolçu var. Xüsusən də, cinahlarda rəqabət böyükdü. Hətta Nicat Qurbanovu da oyun praktikasını itirməməsi üçün AZAL-a icarəyə vermişik. Bizdə Samir Məsimov kimi futbolçu var ki, öz şansını gözləyir”.

 

Qeyd edək ki, Ruslan Qurbanov bu ay Xorvatiya klubu “Hayduk”a mövsümün sonuna qədər icarəyə verilib.

 

Ruslan SADIQOV