“Mahirin “Neftçi”də oynamaq istədiyini deməsi bizim üçün xoşdu. Ancaq indi bu barədə düşünmürük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Türkiyənin “Karşıyaka” klubundan ayrılan Mahir Şükürovun karyerasını harada davam etdirəcəyi hələ bəlli deyil. Millimizin üzvü Azərbaycana qayıdacağı halda, yalnız “Neftçi”də oynayacağını bildirib.
Məsələ ilə bağlı danışan paytaxt klubunun baş məşqçisi Arif Əsədov isə Mahiri tərifləsə də, hazırda diqqətlərini yalnız oyunlara yönəltdiyini qeyd edib: “İndidən transfer məsələsinə baş qoşmaq istəmirik. Çünki mövsümün qızğın vaxtıdı. Həm çempionatda, həm də kubokda gərgin matçlar keçiririk. Mahir bir futbolçu kimi çox bəyəndiyim oyunçuların sırasında yer alır. Tanıyırıq, oyununa bələdik. Amma transferlərlə bağlı indi yox, mövsümün sonunda nəsə deyə bilərəm. Düzdü, bəzi mövqelərdə boşluqlarımız var. Həmin çatışmazlıqları aradan qaldırmaq lazım olacaq. Lakin dediyim kimi, bu məsələlərə yayda baxacağıq”.