2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı qrupun əsas favoriti İtaliya millisidir. Apasport.az saytının məlumatına görə, bu gün Fransanın Nitsa şəhərində atılan püşkdə I səbətdən çıxan Appenin təmsilçisi planetin ən titullu komandalarındandır.
İlk rəsmi matçını 1910-cu ildə keçirən “Skuadra adzurra” zəngin tarixi ərzində dünya çempionatlarının 7, qitə birinciliklərinin 3 medalını qazanıb. 1934, 1938, 1982 və 2006-cı illərdə mundialın qalibi, 1970 və 1994-də ikincisi olan İtaliya 1990-cı ildə yarışı bürünclə bitirmişdi. 1968-ci ilin Avropa çempionları 2000 və 2012-ci illərdə finalda məğlub olub. Son turnirdə İspaniyaya uduzan Çezare Prandellinin yetirmələri üçün millimiz yad komanda deyil.
Belə ki, italiyalılar AVRO-2004-ün seçmə mərhələsində də futbolçularımızı sınağa çəkib. Bakıda 2 cavabsız qol vuran appeninlilər öz meydanlarında daha amansız olub – 4:0.
AVRO-2004-ün seçmə mərhələsi
7 sentyabr 2002. Bakı. Azərbaycan – İtaliya 0:2
11 oktyabr 2003. Reco di Kalabriya. İtaliya – Azərbaycan 4:0