Ötən mövsümü AZAL-da keçirən Freddi Mombonqo karyerasını yenidən Almaniyada davam etdirməyə hazırlaşır. Apasport.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, konqolu hücumçu böyük ehtimalla gələn mövsümü III Bundesliqada keçirəcək.
Həmin liqanın iştirakçısı “Preuzen” 30 yaşlı futbolçunun xidmətində maraqlıdı. Mombonqo artıq Münster klubunun düşərgəsindədi. Bir neçə gün komanda ilə birlikdə məşqlərdə iştirak edəcək forvardın fiziki hazırlığı qaydasında olsa, onunla müqavilə imzalanacaq.
Mombonqo özü yerli mətbuata açıqlamasında “Preuzen”də oynamağa razı olduğunu bildirib: “III Bundesliqa zəif çempionat deyil. Mən bunu II Bundesliqa ilə müqayisə edərdim”.
“Preuzen”in idman direktoru Karsten Kokel də bu keçidin baş tutacağını istisna etməyib: “Mombonqo maraqlı futbolçudu. Ola bilsin ki, “Vedenbrük”lə oyunda onu yoxladıq”.
Qeyd edək ki, Freddi Mombonqo Konqoda anadan olsa da, uşaqlıqdan ailəsi Kölnə köçüb. Futbolun sirlərini Almaniyada öyrənən hücumçu 2003-cü ildən 2008-ci ilə qədər bu ölkənin bir neçə aşağı liqa klubunda çıxış edib. Daha sonra 3 il ərzində Belçikanın 3 müxtəlif klubunun formasını geyinən futbolçu ötən il “Royal Antverp”dən AZAL-a keçib. Geridə qalan mövsümdə Topaz Premyer Liqasında 29 oyun keçirən Mombonqo 13 qola imza atıb.