[b]AZAL-ın kapitanı baş məşqçidən narazıdı: Biz də...[/b]
24.02.2015 - 10:28
[b]AZAL-ın kapitanı baş məşqçidən narazıdı: Biz də...[/b]

“Prosineçki bizim bir neçə oyunumuzu izləyib. Amma hamısında da hiss olunurdu ki, rəqibimizin futbolçularına baxmağa gəlib. Özü də onun izlədiyi matçların əksəriyyətini yüksək səviyyədə keçirmişik”. Bu sözləri apasport.az saytına AZAL-ın kapitanı Rəşad Abdullayev deyib.

 

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin dünənki mətbuat konfransında AZAL-ı diqqətdən kənarda saxlamasından narahat olan təcrübəli yarımmüdafiəçi narazılığını bu cür ifadə edib: “Milli komandaya oyunçu dəvət edəndə turnir cədvəlinə baxmırlar. Futbolçunu komandasına yox, öz gücünə görə çağırırlar. Sonuncu yerdə gedən bir komandanın futbolçusu həmin vaxt əla formadadısa, mütləq çağırılmalıdı. Digər tərəfdən biz turnir cədvəlində autsayderlər zonasında da deyilik axı. Avrokuboka düşmək uğrunda mübarizə aparırıq”.

 

Rəşad Abdullayev yığmanın çalışdırıcısının onların çıxışlarını bəyəndiyini də əlavə edib: “Prosineçki bizim “Neftçi” ilə oyunumuzu izləmişdi və çox bəyənmişdi. Hətta demişdi ki, AZAL “Neftçi”yə qarşı gözəl futbol göstərib qalib gəldi. “İnter”lə oyunumuza da gəlmişdi. Həmin görüşdə də uşaqlar yaxşı çıxış etmişdilər. AZAL-ı bir kənarda saxlamaq olmaz. Çünki bu da Azərbaycan komandasıdı. AZAL-ın heyətində də perspektivli gənc futbolçular var. Ola bilsin ki, bizim komandanı ona tanıtdırmayıblar”.

 

34 yaşlı yarımmüdafiəçi komandanın yerli futbolçuları ilə artıq bu barədə söhbət etdiyini vurğulayıb: “Çempionat oyunları efirdi. Gənclərimizə dedim ki, burda özünüzü yaxşı tərəfdən göstərin, sübut edin ki, siz də yığmaya layiqsiniz. Yəqin ki, bir müddət sonra Prosineçki də AZAL-a diqqət yetirər”.

 

Qeyd edək ki, Robert Prosineçki dünənki mətbuat konfransında legioner həyatı yaşayanları və çempionat oyununa görə “Neftçi”nin futbolçularını Antalya toplanışına çağıra bilmədiyini desə də, AZAL-ın adını çəkməmişdi.

 

Ruslan SADIQOV