“Qış transfer dövründə heyətimizə bir əcnəbi qatmağı düşünürük. Bu futbolçu sabah (bu gün) Bakıya gələcək”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.
Qış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və fasiləyə 17 xalla 7-ci pillədə yollanan AZAL Avropa Liqasına vəsiqə uğrunda mübarizəsini davam etdirmək istəyir. Təlim-məşq toplanışını Bakıda reallaşdıran “təyyarəçilər” heyətini də komplektləşdirmək üçün çalışmalarını davam etdirir. Bir neçə yerli futbolçunu baxışa dəvət edən paytaxt klubu ukraynadan da oyunçu dəvət edib. Amma o, müqavilə imzalamağa gəlir: “Söhbət ukraynalı Kuçinkodan gedir. O, yayda da komandamızda baxışda olub. Futbolçu sabah Bakıya gəlməlidi. Hələ yayda onu heyətimizə qatmaq haqda düşünürdük, amma alınmadı. Uzunmüddətli danışıqların yekunu olaraq o, bizə qoşulmalıdı”.
Kuçinkovun gəlişi Tomi Kostadinovla yolların ayrılmasına səbəb ola bilər. Belə ki. bolqar yarımmüdafiəçi qış fasiləsinə qədər işinin öhdəsindən gələ bilməyib. Buna görə də baş məşqçi onun komandada qalmasında elə də maraqlı deyil: “Ola bilsin, Kostadinovla yollarımızı ayıraq. Çünki o, biz istəyən kimi oynaya bilmədi”.