[b]Azərbaycan çempionundan yeni transfer [/b]
03.04.2014 - 11:54
[b]Azərbaycan çempionundan yeni transfer [/b]

“Barselona” ilə 2 dəfə qarşılaşmışıq. Lakin həmin görüşlərdən sonra çox şey dəyişib”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz” klubunun meneceri Ruslan Məmmədov deyib.

 

Qitə futbol qurumunun saytına açıqlama verən Məmmədov UEFA kubokunun “Dördlər finalı” öncəsi iddialı danışıb.

 

Həlledici matçlar ərəfəsində 3 transferin gerçəkləşdiyini təsdiqləyən menecer italiyalı Adriano Folya və sloveniyalı Kristian Çujeçin keçidinin həll olunduğunu, kolumbiyalı Ancelo Karonun isə yaxın günlərdə komandaya qoşulacağını bildirib.

 

Menecer bu transferlərin köməyi ilə “Araz”ın “Dördlər finalı”ndakı iddiasını da gizlətməyib: “Bu müddətdə “Araz” xeyli güclənib, “Barselona” isə zəifləyib. Əgər indi biz onlardan üstün deyiliksə, geri də qalmırıq. İspaniya təmsilçisi ilə qarşılaşacağımız üçün narahat deyilik. Bu matçda qalib gəlmək və finala yüksəlmək istəyirik”.

 

Qeyd edək ki, transferlərdən ən tanınmışı olan 33 yaşlı Folya əslən braziliyalıdır. Amma futzalçı İtaliya yığması üçün milliləşdirilib. Bu ölkənin yığmasında Avropa çempionatının qızıl (2003), gümüş (2007) və bürünc (2005) medalını qazanıb. Onun hesabında dünya çempionatının iki medalı – 2004-cü ilin gümüş, 2008-ci ilin bürüncü də var. Onun son klubu “Peskara” olub.