[b]Azərbaycan&Serbiya: 5-ci oyunda kim sevinəcək?[/b]
05.06.2015 - 23:00
[b]Azərbaycan&Serbiya: 5-ci oyunda kim sevinəcək?[/b]

 

Azərbaycan millisi sabah növbəti görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız Serbiya ilə üz-üzə gələcək.

 

Avstriyada baş tutacaq bu yoldaşlıq oyunu hər iki komanda üçün AVRO-2016-nın seçmə mərhələsinin növbəti sınağı öncəsi hazırlığı çərçivəsində keçiriləcək.

 

Hər iki komanda şimal səfərinə Avstriyada hazırlaşdığından yoxlama oyununda güclərini sınayacaq. Millimiz iyunun 12-də Osloda Norveç, serbiyalılar isə ertəsi gün Kopenhagendə Danimarka ilə qarşılaşacaq.

 

Avstriyanın Sankt-Pölten şəhərindəki “NV Arena”da baş tutacaq görüş millimizin 2015-ci ildə 2-ci matçıdı. Prosineçkinin rəhbərliyi altında debüt oyununda Maltaya 2:0 hesab ilə qalib gələn komandamız xorvatiyalı ilk dəfə yoxlama oyununa çıxacaq.

 

Avstriyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşmanı tanış rəqiblərin dueli kimi də adlandırmaq olar. İndiyədək Azərbaycan və Serbiya milliləri 4 dəfə qarşılaşıb. AVRO-2004-ün seçmə mərhələsində Serbiya və Monteneqro kimi çıxış edən rəqibə şok yaşadan yığmamız balkanlılardan 4 xal almışdı – 2:2, 2:1. Serbiyalıların bunun qisasını AVRO-2008-in seçmə oyunlarında alıb – 1:0, 6:1.

 

Xorvatiyalı Prosineçki vaxtilə eyni ölkənin – Yuqoslaviyanın tərkibində yaşadığı serbiyalılarla üz-üzə gələcək. Məhz bu ölkənin təmsilçisi “Srvena Zvezda”da futbolçu kimi məşhurlaşıb İspaniya “Real”ına transfer olunan, baş məşqçi karyerasını da həmin klubda başlayan mütəxəssis sabiq həmyerliləri ilə görüşəcək.

 

Yoldaşlıq oyunu

7 oyun

 

20:00. AZƏRBAYCAN - SERBİYA
Baş hakim: Harald Lexner
Baş hakimin köməkçiləri: Andreas Heidenreyx, Roland Riedel 
Dördüncü hakim: Manuel Şüttenqruber (hamısı Avstriya)
Sankt Polten (Abstriya). “NV Arena” stadionu