Sabah Türkiyə çempionatında 2014/15 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, həm Superliqa, həm də I liqada ilk turun qarşılaşmaları keçiriləcək.
Bu mövsüm qonşu ölkədə Azərbaycanın 8 təmsilçisi çıxış edəcək. Elə bu məqam da ölkəmizdə kifayət qədər maraq olan Türkiyə çempionatına diqqəti bir az da artıracaq.
8 təmsilçimizdən biri Superliqada, 7-si aşağı dəstədə çıxış edən klubların formasını geyir. Bu oyunçulardan 4-ü milliləşən legioner, 4-ü isə Azərbaycan futbolunun yetirməsidir.
Türkiyədə yubiley – 5-ci mövsümün keçirən Cihan Özkara yenə Superliqada çıxış edəcək. Digər milliləşən legionerimiz – Branimir Subaşiç ötən mövsüm başladığı Türkiyə karyerasını bu dəfə “Manisaspor”da keçirəcək. “Orduspor”da 8 qolla bombardirlik keyfiyyətlərini göstərən forvard indi yeni klubunda uğur qazanmaq əzmindədir.
Qonşu ölkədə 3-cü mövsümün keçirəcək Ufuk Budak isə qışda keçdiyi “Qaziantep BB”də çıxışını davam etdirəcək. Bu dəfə onun komanda yoldaşları arasında daha iki həmyerlimiz olacaq. Bunlar yığmamızın üzvləri Vaqif Cavadov və Rəhman Hacıyevdir. Onların hər ikisi Türkiyədə debüt edəcək.
Daha iki təmsilçimiz Türkiyə çempionatının I liqasında debüt imkanı qazanıb. Bunlar Ayaz Mehdiyev və Timur Təməltaşdır. Sonuncu əvvəllər də şərəfini qoruduğu “Altınordu” ilə II liqadan gəlibsə, “Girəsunspor”un transferi olan Ayaz ilk dəfə legioner həyatı yaşayacaq. Azərbaycan millisinin vitse-kapitanı Mahir Şükürov isə 10 ildən sonra qonşu ölkədə çıxış edəcək. 2004/05 mövsümündə “Antalayspor”da forma geyən müdafiəçi bu dəfə “Karşıyaka”nın uğurları üçün çalışacaq. Maraqlıdır ki, Mahir elə ilk turda debüt etdiyi komanda ilə görüşəcək.
Təmsilçilərimizin ilk turdakı rəqibləri
Superliqa
31 avqust
“Sivasspor” – “Qaziantepspor”
I liqa
29 avqust
“Bucaspor” – “Altınordu”
30 avqust
“Manisaspor” – “Alanyaspor”
“Adana Dəmirspor” – “Dənizslipor”
31 avqust
“Qaziantep BB” – “Boluspor”
“Karşıyaka” – “Antalyaspor”