“Üçüncü dövrə cəmi 3 turdu başlasa da, artıq xeyli sayda hakim cəzalandırılıb. Bu, onların yaxşı təlim-məşq toplanışı keçməməklərindən irəli gəlir. Bilmirəm, bunlarda ruh düşkünlüyü olub, yoxsa özünə arxayınlıq yaranıb... Bəlkə də düşünüblər ki, mən nə istəsəm edəcəm, onsuz da cəzalandırmayacaqlar”. Bunu apasport.az saytına sabiq FİFA referisi Babək Quliyev deyib.
Qış fasiləsindən sonra Topaz Premyer Liqasında cəmi 3 tur keçirilməsinə baxmayaraq, Əliyar Ağayev, Fariz Yusifov, Rauf Cabbarov və Orxan Məmmədov kimi hakimlər artıq AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırılıb.
Quliyevi narahat edən məqam isə cəzalanan hakimləri əvəzləyəcək həmkarlarının olmamağıdı: “Hakimin cəzalandırılması normal haldı. Əgər səhv edirsə, cəzasını almalıdı. Ancaq AFFA Hakimlər Komitəsi geridə qalan 8 ildə elə bir iş görməli idi ki, indi biri cəzalananda hakim axtarmayaydı. Premyer Liqada 8 yox, 20 hakim olmalıdı ki, bu cəzalıların yerini doldura biləsən. Bir adama hər tur təyinat verirlər. Çünki hakim çatışmazlığı var. Bunun olmamağı üçün də vaxtında hakimlərin sayı artırılmalı idi. Əgər 8 ildə hakim sayı artırılmaq əvəzinə azaldılıbsa, deməli, işlər mənfi yöndə gedir. Hakim səhvi qaçılmazdı. Heç bir hakim də deyə bilməz ki, mənim səhvim olmayacaq”.
42 yaşlı sabiq referi bildirib ki, hakimlərin təlim-məşq toplanışı üçün Türkiyəyə getməməkləri zəif idarəçiliyə əsas deyil: “Bunların hamısı boş şeylərdi. Məgər bu vaxta qədər Türkiyədə toplanış olmayanda kimsə hakimlik etmirdi? Türkiyədə hazırlıq keçəndə də bundan betər hakim səhvləri olurdu. Hakimin öz qabında olmalıdı. Kitabla meydana çıxandan hakim olmaz. Kitab qaydası, kitab dili ilə oyun idarə edəcəksənsə, səndən hakim çıxmaz. Onun qabında olmasa, başına nə qədər vursan da, xeyri yoxdu, ondan hakim olmaz. Beləsini məcbur hakim etməyin nə mənası var?”
Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Zirə” – “Rəvan” (2:1) matçında İnqilab Məmmədovun başçılıq etdiyi hakimlər briqadasının kobud səhvi bir müddətdi müzakirə mövzusuna çevrilib. Son dəqiqələrdə yaşanan məlum ofsayd epizoduna münasibət bildirən Quliyevin fikrincə, baş hakim həmin anda laynsmanın fikri ilə razılaşmamalı idi: “Bu, yan xətt hakiminin kobud səhvi idi. Laynsmanın meydanda əsas işi oyundankənar vəziyyətlərin müəyyən edilməsində baş hakimə kömək etməkdi. Amma bu elə epizod idi ki, baş hakim də reaksiya verə bilərdi. Hansı əsasla oyundankənar vəziyyət qeydə alırlar? Axı oyunçu ötürmə anında meydanın özlərinə aid hissəsində idi. Təxminən iki tur əvvəl də eyni ilə bu cür hadisə baş vermişdi. Deməzdim ki, çətin epizoddu. Sadəcə, çox kobud səhvdi”.
Quliyev onu da əlavə edib ki, bu səhvə görə, İnqilab Məmmədova mütləq cəza düşür: “Bizim dövrümüzdə yanlış sarı vərəqəyə görə də cəza verirdilər. Yaxşı, gəlin İnqilabı da cəzalandıraq. Bəs onun yerinə kim çıxıb oyun idarə edəcək? Belə çıxır ki, yoldan keçəni tutub gətirsinlər hakimliyə, oyun versinlər. Bilmirəm Hakimlər Komitəsi şahmat komitəsidi, nədi. Düzdü, dünyanın bütün ölkələrində, hətta UEFA və FİFA-da da hakimə cəza tətbiq edilir. Ancaq sən əgər hakimi cəzalandırırsansa, onun yerinə qoymağa normal hakimin olmalıdı. Məsələn, 10 hakimin varsa və onun 5-ni cəzalandırırsansa, məcbursan növbəti turlarda qalan 5 hakimə güvənəsən. Cəzalanmayan hakimlər də sabah çıxıb kobud səhvə yol versələr nə edəcəksən? Vaxtında hakim sayını artırsaydılar, indi bu problemlə üzləşməzdilər”.
Ruslan SADIQOV
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”