21 yaşadək futbolçulardan ibarət komandalar arasında AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan Rusiya yığmasının uğursuzluqlarının səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, keçirdiyi 4 oyundan 3-də uduzan şimallıların problemlərinin səbəbini Rusiyanın idman naziri və RFİ-nin (Rusiya Futbol İttifaqı) prezidenti Vitali Mutko açıqlayıb.
O bildirib ki, məğlubiyyətlərdə, xüsusilə də Bakıdakı darmadağında yaş amili rol oynayıb. Mutko buna görə baş məşqçi Dmitri Xomuxa və yığmalara cavabdeh şəxsləri qınayıb: “Milliyə oyunçuların dəvət olunması ilə bağlı baş məşqçi Dmitri Xomuxa və ümumilikdə Rusiya Futbol İttifaqına sual yaranır. Niyə öz klubunda oynayanlar komandaya çağırılmır? Əlbəttə, yeniyetmə komandasında nəyə isə nail olanlara üstünlük vermək olar. Amma belə olan halda, onların yaşı ilə rəqibdə 2 il fərq yaranır. Bu da hiss olunacaq fərqdi. Azərbaycana uduzduq. Bizə iki qol vuran oyunçu aşkar şəkildə bizimkilərdən böyükdü. O, cərimə meydanında bizimkiləri çiyini ilə itələdi”.
Məsələ ondadı ki, 2 il əvvəl U-17 ilə Avropa çempionu, bu il U-19-la qitə ikincisi olan Xomuxa U-21-ə keçdikdən sonra da həmin uğurları qazandığı futbolçulara güvənir. Bu üzdən də seçmə mərhələdə rəqiblərin 21 yaşlı oyunçuları qarşısına 19 yaşlı rusiyalılar çıxır. Nəticə də göz qabağındadı.
AVRO-2017-nin seçmə mərhələsində 1994-cü il və daha kiçiklər oynaya bilər. Azərbaycanla oyunda Rusiya millisi start heyətində 1996-cı il təvəllüdlü 7, 1995-ci il təvəllüdlü 2, 1994-cü il təvəllüdlü 2 futbolçu meydana çıxıb. Azərbaycan yığmasında isə 6 oyunçu, o cümlədən, Mutkonun nəzərdə tutduğu 2 qol vuran Kərəm Benke 1994-cü il təvəllüdlüdü. 4 oyunçu 1995-ci il təvəllüdlü, 1-i isə 1997-ci il təvəllüdlüdü.