[b]Bəhmən Həsənov: Bunun bir “sakınca”sı varmı? - MÜSAHİBƏ[/b]
19.10.2015 - 15:18
[b]Bəhmən Həsənov: Bunun bir “sakınca”sı varmı? - MÜSAHİBƏ[/b]

“Rəvan”ın yeni baş məşqçisi Bəhmən Həsənovun apasport.az saytına müsahibəsi

 

- Bəhmən müəllim, neçənci dəfədi “Rəvan”ın baş məşqçisi təyin edilirsiz?

- Yazırlar ki, 5-ci, nə bilim 7-ci dəfədi. Amma elə deyil. Bununla 3-cü dəfədi “Rəvan” komandasının “sükanı arxası”na keçirəm. Türklər demişkən, bunun bir “sakınca”sı varmı? Mənim “Rəvan”a qayıtmağım problem yaradır? Allah sizdən razı olsun ki, sayı mənim özündən soruşursuz. Fikrimi öyrənməmiş yazırlar. Guya mən 70 min “yemişəm”, akademiyada pul yığmışam, uşaqları buraxmamışam, camaata əziyyət vermişəm. Halbuki elə deyil, reallıq başqa cürdü.

 

- Bu dəfə təklif alanda tərəddüd etmədən qəbul etdiz, yoxsa qərar verməkdə çətinlik çəkdiz? Çünki əvvəlki fəaliyyətləriniz uzun çəkməyib...

- Mənim əvvəllər “Rəvan”dan ayrılmağımın tam başqa səbəbləri olub. Sadəcə, 1 dəfə nəticəm yaxşı olmayıb. Digər halda, B və A kateqoriyasını oxumağa, xaricdə təcrübəyə gedəndə ayrılmışam. Özünüz fikirləşin, “Qəbələ”yə qalib gəldikdən sonra komandadan niyə gedirəm? Səbəb oxumaq idi. Mən istəyirdim ki, mütəxəssis kimi tam yetişmiş formada gəlim. İnşallah, bir daha “Rəvan”dan ayrılmayacam. Çalışacam ki, “Rəvan”ın əvvəlki imicini, oyun mexanizmini qaytarım.

 

- Mövsümün sonuna kimi “Rəvan”da qalacağınıza əminsizmi?

- Arxayın olun. Sizə söz verirəm ki, bu il “Rəvan”ı ən yaxşı yerlərə daşıyacam və təkcə bu mövsümün sonuna kimi yox, gələn mövsümdə də “Rəvan”da olacam.

 

- “Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyev “Futbol+” qəzetinə müsahibəsində bildirib ki, 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Sizi nəzərdə tutur?

- Mənim Eminə böyük hörmətim var. Əvvəla mənim eloğlumdu. İkincisi, o yaşda bizdən kiçikdi, mən ondan çox böyüyəm. 7 dəfə söhbətinə qalanda onda gedin, Fatih Terimi, Böyükağa Hacıyevi güllələyin də. Niyə Terimi güllələmirlər, 3-4 dəfə gəlib “Qalatasaray”a. Təklif olub ki, gəlir də. Azərbaycanda hazırda 10 komanda var. Bunun müqabilində A kateqoriyalı 61, PRO kateqoriyalı isə ən azı 25 məşqçi var. Bu il komandalarımızın çoxunun baş məşqçisi azərbaycanlıdı. Əvvəl 3 komandadan fərqli, hamısı baş məşqçi postuna xarici mütəxəssis gətirirdi. Bəs özümüzkülər harda işləməlidilər? Mən heç vaxt “Rəvan”dan uzaqlaşmamışam. Çünki bu klub mənə o qədər doğmadı ki, uşaq futbolundan böyük futbola məhz burda qatılmışam. Mənə dəstək olan insanlara həyatımın sonuna qədər minnətdaram. Yüksək təklif olsa belə, variantı yoxdu ki, burdan ayrılım. Məni “Rəvan”a bağlayan başqa tellərdi, verilən dəyərdi.

 

- Quliyev, həmçinin bəzi futbolçuların qəsdən zəif çıxış etdiklərini qeyd edib. Qorxmursuz ki, eyni halla siz də üzləşərsiz?

- Komanda, təbii ki, Emin müəllimin yığdığı futbolçulardan ibarətdi. Əgər Emin Quliyev belə açıqlama veribsə, öz zəifliyini göstərib. Gətirdiyin futbolçu sənin əleyhinə necə oynaya bilər? Əgər belə bir şey var idisə, bunu öncədən görməli, o insanları komandadan uzaqlaşdırmalı idi.

 

- “Rəvan”a budəfəki qayıdışdan sonra ilk işiniz nədən ibarət olacaq?

- Önəmli olan motivasiyadı. Bunu pozan amillərdən biri də ardıcıl məğlubiyyətlərdi. Çalışacam ki, ilk öncə futbolçuların ruh yüksəkliyini artırım, oyun üslublarını dəyişim. Emin müəllim mənim həmkarımdı, heç zaman onun arxasınca danışmaram. Hə, fərqimiz var. O məşqçiliyə təzə-təzə atılır, mən isə o mərhələləri 10 il qabaq keçmişəm. “Muğan”da, “Rəvan”da sözünü deyən adamlardan olmuşam. “Rəvan”ın oyun üslubunu dəyişmişəm. O zaman da demişdim ki, kim bu üslubu dəyişəcək, “Rəvan”da heç vaxt nəticə qazana bilməyəcək. Elə də ola-ola gedir. Emin müəllim necə müsahibə verirsə, Allah canını sağ eləsin. Amma gərək imkan verməsin ki, futbolçular onu satsınlar. Azərbaycanda bu gün 2 komanda istisna olmaqla, digərlərinin səviyyəsi eynidi.

 

- 8 turdan sonra aktivində 2 xal olan “Rəvan” turnir cədvəlinin son pilləsində qərarlaşıb. Komandanı uçurumdan çıxara biləcəksizmi?

- Bu, mənim vəzifə borcumdu. Qarşıma qoyduğum məqsəd “Rəvan”ı elitada saxlamaq, oyun üslubunu yaxşılaşdırmaq, gənclərə şans verməkdi. Təbii ki, hər bir məşqçini nəticə maraqlandırır. Mən 5 oyunçu yetişdirə bilərəm, amma komanda yüksək dəstədən uzaqlaşar, onda mənə heç kim hörmət etməz. Qarşıma 2 məqsəd qoymuşam: həm komandanın oyununu yüksək səviyyəyə çatdırmaq, həm də cavan futbolçulara şans vermək.

 

- “Rəvan” cari mövsümü neçənci pillədə bitirsə, sizin üçün uğur sayılacaq?

- Ən azı 6-cı yerdə. Çalışacam ki, komanda mövsümü heç olmasa “6-lıq”da bitirsin. Futbolçulara inanıram, potensialları var. Sadəcə, onları düzgün istiqamətləndirmək lazımdı.

 

- Sözünüzdən belə çıxdı ki, “Rəvan” mövsümü 7-ci pillədə başa vursa, bu, sizin üçün yaxşı nəticə sayılmayacaq...

- Təbii ki, sayılmayacaq. Düşünmürəm ki, 7-ci olaq. Qarşıma daha yüksək yerləri tutmaq məqsədi qoymuşam.

 

- Qışda heyətlə bağlı hansı dəyişiklikləri edəcəyinizi müəyyənləşdirmisiz?

- Qışa kimi baxacam ki, nəyimiz çatışır, nəyimiz yox. Əvəzedicilər, U-19 komandamızda güclü futbolçular var. Zamandı, onları üzə çıxarmaq, şans vermək lazımdı. Təbii ki, hər komanda gücləndirilməyə möhtacdı. Çempion olan komanda belə, heyətini gücləndirir. O demək deyil ki, biz meydana ancaq cavanları buraxacağıq. Ancaq gənclərimizə, öz yetirmələrimizə həmişə şans verəcəm. Legioner istəmirəm. Yerli futbolçu qıtlığı olsa belə, özümüzküləri gətirəcəm. Legioner sayı 1, maksimum 2 ola bilər. Düzgün iş aparılsa, biz gənc, yerli futbolçularla da məqsədimizə çatacağıq.

 

Tengiz MƏMMƏDOV

 

0