“ABŞ millidəki işimi çox dəqiq görməyə çalışacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
DÇ-2014-ün final mərhələsi zamanı ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın müşaviri funksiyasını yerinə yetirəcək almaniyalı sabiq yetirməsinə kömək etmək niyyətindədir.
20 il əvvəl Almaniya millisinin baş məşqçisi kimi ABŞ-dakı mundiala qatılan Foqts bu ölkənin komandasına Braziliyadakı yarışda kömək etməyə çalışacaq. Alman həmkarlarımıza açıqlamasında təcrübəli mütəxəssis işinin nədən ibarət olacağına aydınlıq gətirib: “Yurgenin mənim məsləhətimə ehtiyacı olan zaman öz fikrimi deyəcəm. Vəzifələrimdən biri final mərhələsinin qrup oyunları zamanı ABŞ-ın rəqiblərinin görüşünü izləmək olacaq”.
Foqtsun dediklərindən belə çıxır ki, almaniyalı iyunun 16-da həmyerlilərinin Portuqaliya ilə, 5 gün sonra isə Qana ilə görüşünü izləyəcək. Ayın 26-da isə Foqts Portuqaliya – Qana matçında olacaq.
Qeyd edək ki, Foqts AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri olan İtaliya ilə Xorvatiyanı da iş başında görə biləcək. Özü də həmin yığmaların matçları nə bir-biri ilə, nə də ABŞ-ın rəqibləri ilə üst-üstə düşür. Xorvatiya iyunun 12, 18 və 23-də, İtaliya isə 14, 20 və 24-də qrup matçlarına çıxacaq.