AVRO-2016-nın seçmə mərhələsi başa çatdıqdan sonra pley-offun iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn ilin yayında Fransada keçiriləcək final mərhələsinə son 4 vəsiqə üçün 8 komanda mübarizə aparacaq. 9 qrupda 3-cü yer tutan yığmalar arasında ən yaxşı nəticə göstərən Türkiyə birbaşa AVRO-2016-ya yüksəlsə də, digər 8 milli püşkü gözləyir.
Belə ki, pley-offun 4 cütlüyü püşklə müəyyənləşəcək. Tədbir bazar günü – oktyabrın 18-də baş tutacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Pley-offa qatılacaq yığmalar
B qrupu: Bosniya və Herseqovina
C qrupu: Ukrayna
D qrupu: İrlandiya
E qrupu: Sloveniya
F qrupu: Macarıstan
G qrupu: İsveç
H qrupu: Norveç
İ qrupu: Danimarka
Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 12-14-də, cavab oyunları 15-17-də baş tutacaq.