“Oyundan çox narazıyam. Bəzi futbolçulardan narazı qaldım. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Topaz Premyer Liqasının XXI turunun “Bakı” ilə qarşılaşması haqda fikirlərini açıqlayan Məmmədov qolsuz heç-heçədən narazı qalıb: “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni futbolçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdi. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdı”.
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə yetirmələrin tərifləyib: “İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır”.