Bu gün AVRO-2016-nın seçmə mərhələsində son oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşacaq.
Bu görüş iki ölkə təmsilçilərinin ilk dueli deyil. İndiyədək Azərbaycan və Bolqarıstan komandaları müxtəlif səviyyələrdə dəfələrlə üz-üzə gəliblər. İki ölkənin əsas yığmaları 3 dəfə yoxlama matçında qüvvələrini sınayıb. 2000-ci il iyulun 26-da balkanlılar ev oyununda 2:1 , 2002-ci il fevralın 20-də Sofiyada 3:0 hesabı ilə qalib gəlibsə, 2004-cü il noyabrın 17-də Bakıda qolsuz heç-heçə qeydə alınıb. Seçmə mərhələlərdəki yeganə duel ötən il sentyabrın 9-da təsadüf edib. AVRO-2016-nın ilk matçında yığmamız 1:2 hesabı ilə uduzub.
Bundan başqa, yığmamız Bolqarıstan klubları ilə də yoldaşlıq oyunları keçirib. 2000-ci ildə “Vihren”i 3:0, “Belasitsa”nı 2:0, “Dorostal”ı 1:0, “Çernomorets”ı 3:0 yenən millimiz Şərqi Bolqarıstanın klub yığmasını 6 cavabsız qolla darmadağın edib. İki dəfə “Dobruca” ilə görüşən yığmamız 2001-ci ildə 2:1 hesabı ilə qalib gəlib, 1 il sonra qolsuz heç-heçəylə kifayətlənib.
U-21 və U-19-ları üz-üzə gəlməyən iki ölkə futbolçuları ən kiçik yaş qrupunda da 3 dəfə qarşılaşıb. 1998-ci ildə U-16-lar 1:1 hesablı heç-heçəylə kifayətlənibsə, 2008-ci ildə ölkəmizin U-17-si 3:1, 2012-ci ildə isə balkanlılar 4:1 hesablı qələbəyə sevinib.
Təmsilçilərimiz avrokuboklarda da iki dəfə Bolqarıstan klubları ilə qarşılaşıb. 1996/97 mövsümündə UEFA kubokunda Sofiya “Lokomotiv”ini qəbul edən “Neftçi” tarixi qələbə qazanıb. Avrokuboklar tarixinə ilk qələbə kimi düşən Bakıdakı görüş 2:1 hesabı ilə başa çatıb. Lakin təmsilçimiz səfərdə ağır məğlubiyyət alıb – 0:6. 2009/10 mövsümündə isə “Bakı” Çempionlar Liqasının III təsnifat mərhələsində “Levski” səddini adlaya bilməyib – 0:0, 0:2.
Azərbaycan və Bolqarıstan futbolu arasında əlaqələr təkcə bu qarşılaşmalardan ibarət olmayıb. Hazırda Topaz Premyer Liqasında bu ölkədən legioner çıxış etməsə də, çempionatımızda onlarla bolqar top qovub. Onlardan bəziləri – Radomir Todorov, Petar Zlatinov, Asen Nikolov, İvan Svetkov, Martin Stankov, Svetoslav Stefanovun ölkəmizdəki legioner karyerası yetərincə uğurlu alınıb.
Hazırda Premyer Liqada çıxış edən “Zirə”nin əvəzedici komandasının baş məşqçisi Kamen Vasilyev də bolqarıstanlıdı. Lakin ona qədər də ölkəmizdə bu ölkədən olan məşqçilər çalışsa da, ciddi uğuru və ya uzunmüddətliliyi ilə seçilməyib.
Azərbaycan futbolunda ən çox uğur qazanan bolqarıstanlı isə “İnter”in prezidenti Georgi Nikolvdu. Komandası ilə 2 ölkə çempionluğu yaşayan funksioner 9 ilə yaxındı bu klubda çalışır.
Bolqarıstanda legioner həyatı yaşayan azərbaycanlı isə nadir təsadüf olunan hadisədi. Bunu gerçəkləşdirən isə yığmamızın sabiq futbolçusu, hazırda “Rəvan”ın baş məşqçisi olan Emin Quliyevdi. O, 2001-ci ildə bu ölkənin “Liteks” klubunda çıxış edib.
Maraqlıdı ki, Bolqarıstan millisinin çalışdırıcısı İvaylo Petev də həmin vaxtlar bu klubun üzvü olub. 1996-2002-ci illərdə “Liteks”də oynayan Petev tez-tez icarələrdə verildiyindən öz klubunda da möhkəmlənməyib. Elə Quliyevin də bu klubda uzun müddət qalmaması onların xeyli müddət komanda yoldaşı olmasına imkan verməyib. Bu mütəxəssisin adı isə Azərbaycan klubları ilə yanaşı da hallanıb.