[b]Bolqarıstanda oynamış azərbaycanlı: Onların futbolu bizdən üstün deyil[/b]
13.10.2015 - 16:40
[b]Bolqarıstanda oynamış azərbaycanlı: Onların futbolu bizdən üstün deyil[/b]

“Millimizdən bu gün qələbə gözləyirəm. “Vuruşsalar”, mütləq bunu bacaracaqlar”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi, hazırda “Rəvan” klubunun baş məşqçisi olan Emin Quliyev deyib.

 

Uzun müddət yığmamızda çıxış etmiş 38 yaşlı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsində baş tutacaq Bolqarıstan – Azərbaycan matçı ilə bağlı proqnoz verib. 2000/01 mövsümündə məhz Bolqarıstanda legioner həyatı da yaşamış Quliyev millimizin qələbə şanslarını yüksək qiymətləndirib: “Bolqarıstan əvvəlki gücündə deyil. Əvvəllər onların adlı-sanlı futbolçuları var idi ki, Avropanın böyük ölkələrində çıxış edirdilər. Amma indi elə güclü oyunçuları yoxdu. Azərbaycan futbolu isə ildən-ilə inkişafdadı. İki klubumuzun Avropa Liqasının qrup mərhələsində mübarizə aparması buna əyani sübutdu. Mənə elə gəlir ki, hazırda Bolqarıstan futbolu bizdən üstün deyil. Hər iki ölkənin futbolu, demək olar ki, eyni səviyyədədi”.

 

Diqqət çəkən məqamlardan biri də Bolqarıstan yığmasının hazırkı baş məşqçisi İvaylo Petevin də 2001-ci ildə “Liteks”də yer almasıdı. Lakin Quliyev onunla bir yerdə oynamadığını qətiyyətlə söyləyib: “Mən oynayanda Petev “Liteks”də deyildi. Həmin mövsümün sonunda “Çerno More”yə icarəyə verildim. Bəlkə Petev komandaya o zaman qoşulub”.

 

Qeyd edək ki, Emin Quliyev 2000/01 mövsümünün qış fasiləsində yollandığı “Liteks”də cəmi 3 oyun keçirib. Tezliklə “Çerno More”yə icarəyə verilən sabiq yarımmüdafiəçi orda “siftə” etmək imkanı qazanmadan vətənə dönüb və “Neftçi”də çıxış etməyə başlayıb.

 

Ruslan SADIQOV

0