Azərbaycan millisinin yoxlama oyunlarından biri FİFA-nın siyahısına daxil edilib. Apasport.az saytının məlumatına görə, Qırğızıstanla bu gün baş tutacaq görüş qurumun reyestrində yer alıb.
İyunun 7-də açıqlanacaq FİFA reytinqinədək baş tutacaq iki yoxlama oyunumuzdan heç biri ötən həftə bu siyahıda yox idi. Boşluğu qismən aradan qaldıran FİFA hələlik bugünkü matçı tanıyıb.
İyunun 5-də səfərdə Qazaxıstana qarşı keçiriləcək matçın da yaxın günlərdə siyahıya düşməsi istisna deyil. Bugünkü oyunun tanınması ilə görüşün perspektivi də bəlli olub.
Hazırda 245 xalla 126-cı olan Azərbaycan millisi istənilən nəticədə qazanacaq. Qırğızıstan üzərində qələbə Qurban Qurbanovun yetirmələrinin xal hesabını 321-ə çatdıracaq. 76 xallıq qazancın hansı irəliləyişə səbəb olacağını proqnozlaşdırmaq çətindi. Çünki digər ölkələrin də oyunlarının nəticələri önəm daşıyır. İndiki siyahıda bu qədər xalın 105-ci yer üçün yetərli olduğunu demək mümkündü.
Bərabərlik isə millimizə 51 xal verəcək. 296 xal indiki cədvəldə 111-ci yerdə olmaq üçün kifayət edərdi.
Əgər bu gün Qırğızıstan qalib gəlsə, Azərbaycan yığmasının xal hesabı 283-ə qədər artacaq. Bu 38 xallıq qazanc indiki cədvələ əsasən 115-ci yer üçün ümid verir.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) millimizə rəqib olacaq Qırğızıstan hazırda 424 xalla dünyanın 75-ci komandasıdı.