[b]Cavid Hüseynov: “Xəzər Lənkəran” məhz bu halla üzləşib[/b]
27.09.2014 - 10:38
[b]Cavid Hüseynov: “Xəzər Lənkəran” məhz bu halla üzləşib[/b]

“Həmişə olduğu kimi, “Xəzər Lənkəran”la oyunda da meydana qələbə üçün çıxacağıq. Qalib gəlməklə, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

 

Topaz Premyer Liqasının VII turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “aırmızı-qaralar”ın futbolçusu görüş haqda fikirlərini açıqlayıb.

 

Hüseynovun sözlərinə görə, ilk qolu vuran qələbə qazanacaq: “Bütün oyunlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. Bütün matçlardakı kimi yenə 3 xal çox vacibdir. Qarşıda fasilənin yaranıb-yaranmamasından asılı olmayaraq, bizim üçün ən əsası, ən vacib olanı qələbədir. Hər oyuna da qələbə üçün çıxırıq. “Xəzər Lənkəran”ın bu mövsüm keçirdiyi oyunları izləmişəm. Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. “Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər oyun yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək”.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu sabah saat 19:00-da başlayacaq.