"Elasığspor”u və onun azarkeşlərini çox sevirəm. Lakin çətin günlərində atamın yanında olmalı idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin və "Elazığspor”un yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.
Təcrübəli futbolçu Türkiyə klubundan bir müddət əvvəl ayrılmaq istəməsinin səbəblərini qardaş ölkə mətbuatına açıqlamasında izah edib: “Komandanın baş məşqçisi Ümit Özatla bu haqda danışdım və ona dedim ki, ailəm Elazığda qala bilmir. Çünki heç vaxt vətəndən uzaqda yaşamayıblar. Həmçinin, atam xəstə olduğu üçün Bakıya qayıtmalı idik. Bu klubdan ayrılmaq istəmirəm. Problemləri yoluna qoyub, yenidən komandamda qalacağam. Klub prezidentimiz Səlcuk Öztürkün qərarını gözləyirəm. O, necə istəsə, elə də olacaq”.
Qeyd edək ki, "Neftçi"yə məxsus olan İmamverdiyev "Elazığspor"da icarə əsasında forma geyinir. Onun yenidən “flaqman”da çıxış etməsi gözlənilirdi. Lakin Cavid Elazığa qayıdaraq, komanda ilə birgə məşqlərə başlayıb.