[b]Çempionlar Liqası: “Çelsi” və “Real” səfərə itkilərlə çıxır[/b]
15.02.2016 - 16:05
[b]Çempionlar Liqası: “Çelsi” və “Real” səfərə itkilərlə çıxır[/b]

Avrokuboklarda iki aylıq fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, sabah Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start veriləcək.

 

1/8 final mərhələsinin ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Parisdə keçiriləcək günün mərkəzi görüşündə PSJ “Çelsi”ni qəbul edəcək. Fransada çempionluğu böyük ölçüdə təmin edən Paris təmsilçisindən fərqli, londonlular bütün diqqətlərini məhz ÇL-ə yönəldiblər. Çünki Premyer Liqada uğursuz mövsüm keçirən “Çelsi”nin ilk “dördlüy”ə düşməsi real görünmür.

 

“Zadəganlar” Fransaya ciddi itkilərlə yollanıblar. Baş məşqçi Qus Hiddinki, xüsusən də, müdafiə xəttindəki problemlər narahat edir. Mərkəz müdafiəçisi Kurt Zuma zədə, müdafiəyəmeyilli yarımmüdafiəçi Nemanya Matiç isə cəza ucbatından görüşü buraxacaq. Kapitan Con Terri və komandanın aparıcı oyunçularından Oskar da zədədən əziyyət çəkir. Onların iştirakı sual altındadı. Heyətlə bağlı heç bir problemi olmayan PSJ bundan lazımınca yararlanıb, cavab görüşünə rahat yollanmaq niyyətindədi.

 

Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olacaq. Portuqaliyadan fərqli, Rusiyada ikinci dövrə start götürmədiyindən, bu, Sankt-Peterburq klubunun 2016-cı ildəki ilk rəsmi görüşü olacaq. Ancaq kapitan Luizaonun yoxluğu lissabonlulara ciddi problem yarada bilər.

 

Fevralın 17-də isə 1/8 final mərhələsinin digər iki görüşü baş tutacaq. Ən çox maraq doğuran qarşılaşma İtaliya paytaxtı Romada keçiriləcək. Şəhərin eyniadlı komandasında yeganə ciddi problem Daniele de Rossi ilə bağlıdı ki, bir müddətdi zədədən əziyyət çəkən yarımmüdafiəçinin “Real”la görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil. Amma “Real”ın heyətlə bağlı narahatlığı daha çoxdu. “Kral klubu”nun 3 aparıcı oyunçusu Pepe, Marselo və Qaret Beyl zədədən əziyyət çəkirlər. Çox güman ki, baş məşqçi Zinəddin Zidan hər 3 futbolçunun xidmətindən məhrum olacaq. “Canavarlar” madridlilərin müdafiə xəttindəki problemdən yararlanmağa çalışacaqlar.

 

2016-cı ilə qeyri-stabil nəticələrlə start götürən “Volfsburq”u Belçikada ağır oyun gözləyir. Çünki almanlar “Gent” önünə ideal heyətlə çıxa bilməyəcəklər. Qapıçı Dieqo Benalyo və yarımmüdafiəçi Joşua Gilavoqinin durumu qeyri-müəyyəndi. Lakin müdafiəçi Karlos Askeslə hücumçu Bas Dost zədəli olduqlarından, məşqçilər korpusunun ixtiyarında olmayacaqlar. Üstəlik, digər müdafiəçi Naldo da cəzalı durumda olduğu üçün Belçikaya aparılmayacaq. Bütün bunlar isə “Gent”in güclü rəqibi önündə şansını artıran faktordu.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

 

16 fevral

23:45. PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)

Baş hakim: Canluka Rokki (İtaliya)

 

17 fevral

23:45. “Roma” (İtaliya) – “Real” (İspaniya)

Baş hakim: Pavel Kraloveç (Çexiya)

23:45. “Gent” (Belçika) – “Volfsburq” (Almaniya)

Baş hakim: Sven Oddvar Moen (Norveç)