[b]Çex qələti[/b]
13.12.2014 - 00:00
[b]Çex qələti[/b]

Hə, dostlar, nəhayət ki, uzun intizarla gözlədiyimiz "Qarabağ" - "İnter" matçı oynanıldı. Bir çox futbol şərhçilərinin dediyi kimi "baş tutdu" yox a, oynanıldı, keçirildi və s. Bir matçın filan gün baş tutduğunu o vaxt demək olar ki, ondan əvvəlki günlərdə komandalar bir neçə dəfə meydana gəlsinlər, amma hansısa səbəbdən oynamaq mümkün olmasın. Nə isə, məqsədim bunu demək deyil.

 

Qarşılaşma heç-heçə başa çatdı. Futbol şərhçiləri buna adətən "qolsuz bərabərlik" də deyirlər. Məntiqlə götürəndə, sözü bir az oynadıb buna "ayaqların bərabərliyi" də demək olar. Amma mən indi başqa şeydən danışmaq istəyirəm. Məsələ burasındadı ki, hamımız "Qarabağ"dan bu matçda qələbə gözləsək və buna ümid etsək də, çoxumuzun içində bir məğlubiyyət qorxusu var idi. Və bu qorxu qələbə ümidindən daha perspektivli idi. Amma sonda "Qarabağ" bizi bu qorxudan xilas edə bildi. Yəni "İnter"ə məğlub olmadı.

 

Əvəzində ən azı Azərbaycan azarkeşinin yaddaşına özünü bu matçın qalibi kimi yazdıra da bildi. Matç başa çatanda hamı rəsmən də olmasa, reallıqda "Qarabağ"ın meydanı qalib kimi tərk etdiyini qəbul elədi. Sadəcə, hakim qolu qeydə almadığı üçün “Qarabağ” Avroliqanın qrup mərhələsini adlaya bilmədi. Onsuz da bura qədər də “Qarabağ” Azərbaycan azarkeşi üçün az iş görməmişdi...

 

Amma indi bu matçla bağlı əsas müzakirə mövzusu "Qarabağ"ın növbəti mərhələyə keçə bilməməyi yox, hakimin qərarıdı. Yəni, qolu qeydə almamağı. Bu barədə uzun-uzadı yazanları, danışanları qınamıram əlbəttə. Neyləsinlər? Axı doğrudan da hakimin yanlış qərarı bizi növbəti sevinclərdən, futbol bayramından, futbolumuzu isə stimuldan məhrum etdi. Amma artıq olan olub. Yəni, “Qarabağ” mübarizəni dayandırıb. Və idmanda belə hallar az olmayıb. Bu nədi ki, hakimlərin kəramətindən hansısa klub kubok almaqdan, hansısa milli dünya çempionu olmaqdan qalıb (sadalayıb vaxt aparmaq istəmirəm). Dediyim odu ki, hakimin bu qərarında hansısa şəxsi və ya milli maraqları güdməsinə inanmıram. Maddi maraq məsələsini isə burada ümumiyyətlə müzakirə mövzusu hesab etmirəm. Hakimi qınamaq fikrim də yoxdu. Əgər qol vurulandan sonra yan xətt hakimi bayrağını qaldırıb nəticəni silirsə, nə deyəsən? Onsuz da hakimlərin elədiyi qələtin sonradan qələt olduğu sübut edilsə də, nəticəyə dəxli olmur.  

 

Hə düzdü, hakim qol anında hadisə yerinə çox yaxın idi və hər şeyi görürdü. Hə, o da düzdü ki, topun qapıya getməsinə birbaşa dəxli olan futbolçuların heç biri oyundankənar vəziyyətdə deyildilər. O da göz qabağında idi ki, qola görə təkcə "Qarabağ"ın futbolçularının qələbə reaksiyası yox, həm də "İnter"in oyunçularının məğlubiyyət reaksiyası da çox təbii idi. Yəni, onlar da bu qolu psixoloji olaraq həzm etmişdilər. Çünki, burada oyun qaydalarına zidd heç nə görməmişdilər. Görsəydilər, hakimin qarşısına yüyürüb hay-küy salardılar. Həm də necə... Onlar bu işdə daha təcrübəlidirlər yəni. Bizim biçarələrin hakimə etirazlarının necə təcrübəsiz olduğunu ən təcrübəlilərimizdən birinin - Rəşad Sadıqovun jestlərindən də aydın görmək olurdu.

 

Nə isə, qol oldu və hakim qeydə almadı. Məni bu vəziyyətdə yalnız bir məsələ düşündürdü. Bayaqdan başınızı ağrıtmaqda da məqsədim onu deməkdi.

 

Bax, oyunun əsas vaxtı başa çatıb. Əlavə vaxtın son dəqiqəsi gedir. Artıq italyanlar vaxtı öldürməyə çalışırlar. "Qarabağ"sa nəyi var hücum edir. “Qarabağ” qələbə qazansa, növbəti mərhələyə keçir. “İnter” məğlub olsa, heç nə itirmir. Sonda “Qarabağ” necə deyərlər dişi ilə, dırnağı ilə meydanı cırmaqlayaraq qol vurur. Stadiondakı bütün futbolçular, azarkeşlər, hətta kameraların yaddaşındakı kadrlar, bir sözlə, canlı və cansız hər şey qolu qəbul edir. Nəticədən heç kim narazı deyil. Hətta rəqib komanda da. Onlar sadəcə, təəssüflənirlər. Amma bütün bu sadaladığım şərtlər daxilində hakim qolu qeydə almır. Bilə-bilə ki, indicə əlini mərkəzə doğru yönəltsə, heç kim ondan narazı qalmayacaq. Çünki buna heç bir əsas yoxdu. Bax, budu təəccüblü.

 

Bu, artıq qeyri-peşəkarlıqdı. Qərar verə bilməmək qeyri-peşəkarlığı. Yəni, situasiyanı nəzərə ala bilməmək. Maraqlı bircə budu, başqa heç nə! 

 

O ki qaldı "İnter”in hansı heyətlə Bakıya gəlməsi", "Qarabağ”ın necə oynaması", "işi əlavə vaxta saxlamayıb, vaxtında qol vurmaq lazımdı" kimi söz söhbətə, bunlar sadəcə cığallıqdı. Fakt odu ki, “Qarabağ” “İnter”ə qalib gəldi. Və bunu qolu qeydə almayan çexiyalı hakimlər də yaxşı bilirlər...        

 

İlqar RƏSUL