[b]Cəzadan xəbərsiz Əliyar Ağayev susub, yol göstərdi[/b]
15.02.2016 - 13:12
[b]Cəzadan xəbərsiz Əliyar Ağayev susub, yol göstərdi[/b]

“Düzdü, son 2 turda təyinat almıram. Amma bunun səbəbini Hakimlər Komitəsindən soruşsanız, daha yaxşı olar”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA referisi Əliyar Ağayev deyib.

 

Ölkəmizi beynəlxalq arenada da təmsil edən Ağayev Topaz Premyer Liqasının XX və XXI turlarına təyinat almayıb. 28 yaşlı referi həmkarları Fariz Yusifov və Rauf Cabbarovla birlikdə ən azı 3 oyunluq cəzalandırılıb.

 

Ağayevin bu cəzaya məruz qalmasının səbəbi kimi XIX tur çərçivəsində “Neftçi” – “Sumqayıt” matçındakı idarəçiliyi göstərilir.

 

Məsələ ilə bağlı əməkdaşımızla danışan Əliyar cəzalandırılmasından xəbərsiz olduğunu bildirib: “Mənim cəzadan xəbərim yoxdu. Belə bir şey varsa, onu komitə bilir. Son 2 turda nə üçün təyinat almamağımla bağlı maraqlanmamışam, komitədən heç nə soruşmamışam. Onlar da mənə heç nə deməyiblər”.

 

Ağayev idarə etdiyi “Neftçi” – “Sumqayıt” görüşü barədə danışmaq istəməyib: “Bəli, Premyer Liqada idarə etdiyim son oyun “Neftçi” – “Sumqayıt” matçı olub. Həmin görüşdəki idarəçiliyimlə bağlı danışa bilmərəm. Ümumiyyətlə, mən bu barədə danışmıram”.

 

Qeyd edək ki, Əliyar Ağayev 2013-cü ildən FİFA referisi adını daşıyır.