Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişə bilər. Apasport.az saytının həmin ölkənin mətbuatına istinadən məlumatına görə, 26 yaşlı futbolçu III Bundesliqa təmsilçisi “Şportfroynde” klubunun maraq dairəsindədi.
Regionalliqa təmsilçisi “Dinamo”nun formasını geyinən qolçu futbolçu üçün “Şportfroynde” rəhbərliyi qarşı tərəflə danışıqlara start verib. Hamadi əl-Qadduini “Reqensburq”a satan “Şportfroynde”nin bu keçiddən 30-75 min avro arası gəlir əldə etməsi gözlənilir. Klub hücum xəttində yaranan boşluğu eyni məbləğə Rüfətlə doldurmaq niyyətindədi. 27 yaşlı forvardın cari mövsümdə IV Bundesliqada keçirdiyi 18 oyunda 19 qol vurması “Şportfroynde”nin diqqətini cəlb edib.
Qeyd edək ki, Rüfət Dadaşov Regionalliqada ümumilikdə keçirdiyi 79 oyunda 41 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.