Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç klubla yollarını ayıra bilər. Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin mövsümün sonunda “Bavariya”nın “sükanı arxası”na keçməsi gözlənilir.
Münhen təmsilçisinin “Borussiya”nın (Dortmund) sabiq çalışdırıcısı Tomas Tuhellə danışıqları uğursuz nəticələnib. Bu səbəbdən Bundesliqanın lideri mövsümün sonunda postundan ayrılacaq Yupp Haynkesin yerinə əsas namizəd kimi Kovaçı görür. Kovaç üçün “Bavariya”nın idman direktoru Hasan Salihamidziç tanış simadı. Belə ki, onlar 2001-2003-cü illərdə “Bavariya”da çiyin-çiyinə çıxış ediblər. Tərəflər arasında danışıqlara artıq start verilib.
Qeyd edək ki, komanda yoldaşını döydüyü üçün əsas komandadan uzaqlaşdırılan Renat Dadaşovun da mövsümün sonunda “Ayntraxt”dan ayrılması gözlənilir.