AZAL-dan ayrılacaq yerli futbolçuların adları müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bunlar Qərib İbrahimov, Rey Məmmədbəyli, Elçin Sadıqov, Habil Nurəhmədov, Orxan Səfiyaroğlu və Emin Cəfərquliyevdir.
Baş məşqçi Tərlan Əhmədov bu futbolçularla yola davam etməməyi qərara alıb.
Digər iki yerli futbolçu Cahangir Həsənzadə və Aleksandr Şemonayevlə isə danışıqlar aparılacaq. Adıçəkilən futbolçular razılıq verərsə, komandada qalacaqlar.
Bundan öncə isə “təyyarəçilər” bir legionerlə müqaviləsini yeniləyib. Bu, ispan müdafiəçi Xuan Fransisko Qarsiyadır. İspaniyalı müdafiəçi AZAL-a 2012-ci ildə transfer olunmuşdu. Komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov tərəfindən heyətə cəlb olunan futbolçu Tərlan Əhmədovun da etimadını qazana bilib. Mayın sonunda müqaviləsi başa çatacaq Xuan Fransisko daha bir il paytaxt klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, AZAL 4 legioner futbolçusu ilə də yollarını ayırıb. Junior Aylton, Branislav Arsenyeviç, Axtam Xarmaqulov və Nedo Turkoviç Tərlan Əhmədovu qane etmədiyindən komandadan göndərilib.