[b]Daniel Seqoviya: Mətbuatda şəklim çıxanda...[/b]
25.11.2017 - 21:45
[b]Daniel Seqoviya: Mətbuatda şəklim çıxanda...[/b]

Tərlan Əhmədovun təyinatından sonra gününü ehtiyat oyunçular skamyasında keçirən və qışda komandadan ayrılacağı gözlənilən “Neftçi”nin hücumçusu Daniel Seqoviya “Keşlə” ilə duelin (3:1) son saniyələrində meydana çıxıb. İspan hücumçu qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Nəhayət, meydana çıxdınız. Özünüzü necə hiss edirdiniz?

- Təbii ki, yenidən meydana döndüyümə görə sevinirəm. Bu gün az da olsa, oynadım. Məşqlərdə üzərimdə işləyirəm. Baş məşqçinin verəcəyi şansı gözləyirəm. Növbəti oyunlarda meydanda daha çox vaxt qazanacağıma ümid edirəm.

 

- Uzun müddətdi ehtiyatda qalmağınızı baş məşqçi Tərlan Əhmədov nə ilə izah edir?

- Bu, baş məşqçinin qərarıdı. Mən isə bir futbolçu olaraq, öz üzərimdə işləyirəm, məşqlərimi davam etdirirəm. Bu haqda heç vaxt uzun-uzadı düşünməmişəm. Peşəkar futbolçuyam və hər yerdə peşəkar olmalıyam. Bu həm meydanda belə olmalıdı, həm də ondan kənarda. “Neftçi” də daxil olmaqla, hansı komandada olmuşamsa, daim özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. Kim oynayacaq, kim oynamayacaq, bu, baş məşqçinin verəcəyi qərardı. Biz də bir futbolçu olaraq öz üzərimizə düşəni etməliyik. Sonda qərarı verən baş məşqçi olur.

 

- Uzun müddət ehtiyatda qaldığınıza görə, özünüzü necə hiss edirsiz? Formadan düşməmisiz?

- Futbolçu oynamadıqca oyun ritmindən düşür. Belə bir şeyin mənim oyunumda da hiss olunması mümkündü. Buna baxmayaraq, oyun ritmini bərpa etmək çətin iş deyil. Təbii ki, işinə peşəkar yanaşırsansa, hər gün yaxşı məşq edirsənsə, hər şey mümkündü.

 

- Oynamadığınıza görə, qış fasiləsində komandadan göndəriləcəyiniz gözlənilir. Bu, mümkündümü?

- Bu cür hadisələr hər zaman baş verə bilir. Səbr etməlisən və baş məşqçi  tərəfdən şansı gözləməlisən. Mən də şansımı gözləyirəm. Bilmirəm ki, bu gün,  sabah, yoxsa 1 ay sonra gələcək. Nə vaxt gələcəksə, bu şansımdan maksimum istifadə etməyə çalışacam. Müqaviləmin sonunadək qalıram və komandamın uğurları üçün çalışacam. 

 

- Müqaviləniz cari mövsümün sonunda başa çatır və siz sona qədər burda qalacaqsız?

- "Neftçi"yə ötən mövsümün ortasında gəldim. Həmin çempionatın sonunadək 23 xal topladıq. Vurduğum 5 qolla bunda payım oldu. Düzdü, bu mövsümün gedişində yeni baş məşqçi gəldi. Hamımız onun etimadını qazanmaq üçün çalışırıq. Veriləcək şansı gözləyirəm. Hər şansı layiqincə dəyərləndirəcəm. Qışda da burdan hər hansı yerə getməyi fikirləşmirəm. Çünki  "Neftçi"də hələ sözümü demək istəyirəm. 

 

- Mətbuatda Seqoviya haqda söhbətlər belədi ki, klubda ən çox maaş alan  futbolçudu, ancaq əsas heyətə düşmür, faydalı deyil. Bu söhbətlərdən xəbərin varmı?

- Medianı elə də yaxından izləmirəm. Sadəcə, mətbuatda hansısa şəklim çıxanda həyat yoldaşım onları çıxardır, yaddaşda saxlayır. Fikir vermirəm ki, haqqımda pozitiv, yoxsa neqativ şey yazılıb.Sadəcə, fotoma görə saxlayırıq, kolleksiya yaradırıq. "Neftçi" ilə may ayının sonuna kimi müqaviləm var. Qazandığımın haqqını meydanda verməyə çalışıram. Yeni mövsümdə hələ ki o qədər şans qazanmamışam. Həm də işlərin yaxşı gedəndə hamı səni tərifləyir, uğursuzluq olanda hamı başlayır haqqında pis danışmağa. Həvəsdən düşməyəcəm.

 

- Artıq çempionatın birinci dövrəsi yekunlaşır və "Neftçi" cəmi 16 xal toplayıb. İlin son turunda qələbə qazansanız, xalınız 19-a çatacaq. Daha yaxşı çıxış etməyinizə nə mane oldu?

- Futbolda belə şeylər hər yerdə olur. Hətta böyük klublar çempionatın startında itirdikləri xalları sonra qazandıqları oyunlarda bərpa edə bilmirlər. Biz çempionata pis başladıq,  məğlubiyyətləri sıraladıq. Sonradan yeni baş məşqçi gəldi, komandanı pis vəziyyyətdən çıxara bildi. Artıq 5 qələbəmiz var. Növbəti oyunlara da 3 xal üçün çıxacağıq.