[b]Dənizli nə ilə yadda qaldı?[/b]
16.05.2014 - 16:32
[b]Dənizli nə ilə yadda qaldı?[/b]

“Xəzər Lənkəran”da Mustafa Dənizli dönəmi başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün istefa verən türkiyəli mütəxəssis cənub təmsilçisinin baş məşqçi postunda 167 gün duruş gətirib.

 

2013-cü il dekabrın 1-də “Xəzər Lənkəran”la müqavilə imzalayan çalışdırıcı bu müddətdə 25 matça şahid olub. Dənizlinin istefasının apasport.az saytı tərəfindən yazılan vaxtdan sonra mütəxəssis oyunlara yollanmırdı.

 

Bu üzdən son 3 görüşdə komandanı meydana köməkçisi Oğuz Çətin çıxarıb. Həmin qarşılaşmaların da Dənizlinin dönəminə təsadüf etdiyini nəzərə alsaq, 25 matçda 10 qələbə qazanan “Xəzər Lənkəran” 9 heç-heçə edib və 6 dəfə uduzub. 38 qol vuran Dənizlinin yetirmələri 32 top buraxıb. Bu oyunlardan 20-si çempionat, 5-i kubok çərçivəsində olub.

 

Topaz Premyer Liqasının oyunlarında 8 qələbə, 7 heç-heçə və 5 məğlubiyyət görən Dənizlinin komandası 31 qol vurub və 27-ni buraxıb. Kubokda isə 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət yaşanıb. Bu matçlarda 7 qol vuran lənkəranlılar 5-ni buraxıb. Bu müddətdə 3 böyükhesablı qələbə qazanılıb. Onlardan ikisi Dənizlinin komandanı Oğuz Çətinə tapşırıb oyuna yolladığı görüşlər olub. 2 dəfə isə “Xəzər Lənkəran” böyük hesabla uduzub.

 

Qeyd edək ki, Dənizlinin “Xəzər Lənkəran”da debütü 2013-cü il dekabrtın 4-də, Azərbaycan kubokunun “Neftçala” ilə matçında (4:0) gerçəkləşib. 4 fün sonra “İnter”lə qolsuz heç-heçə isə Premyer Liqada debüt görüşü idi. Dənizlinin istefası 2013/14 mövsümünün 9-cu istefasıdır. Onadək sonradan postuna qayıdan Böyükağa Hacıyev, həmçinin Tərlan Əhmədovla Nazim Süleymanov “Neftçi”dən, Ramil Əliyev, Şahin Diniyev, Vladislav Qədirov “Rəvan”dan, Vaqif Sadıqov AZAL-dan, Con Toşak “Xəzər Lənkəran”dan kənarlaşdırılmışdı. Bu istefalar 4 klubda qeydə alınıb. Digər 6 komanda isə eyni çalışdırıcıya güvənib.