[b]Dieqo Souzadan debütanta bəd xəbər [/b]
17.02.2016 - 11:02
[b]Dieqo Souzadan debütanta bəd xəbər [/b]

Topaz Premyer Liqasının XXII turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Zirə” matçın hazırlığına bu gün start verəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətlə bağlı problemləri var.

 

“Rəvan”la görüşdə sarı vərəqə limitini dolduran Təmkin Xəlilzadə Lənkərana aparılmayacaq. Həmin matçda zədələnən Elvin Məmmədovun da “ağ-yaşıllar”la qarşılaşmanı buraxmaq ehtimalı yüksəkdi.

 

“Zirə”nin problemləri bununla bitmir. Qış fasiləsindən sonra komandasına kömək edə bilməyən Dieqo Souza bu turda da meydana çıxmayacaq. Zədəsini sağaltdığı bildirilən 28 yaşlı futbolçu komanda ilə birgə məşqlərə qatılsa da, hələ də ayağında ağrı hiss edir. Məhz bu səbəbdən məşqçilər korpusu Dieqoya şans verməklə, risk etmək istəmir. Sabiq komandası ilə görüşü buraxacaq Souza ən yaxşı halda, XXIII turda “Neftçi” ilə keçiriləcək oyunda meydana çıxacaq.  

 

Premyer Liqanın debütantının digər zədəlisi İqor İvanoviç isə sıraya dönüb. Zədəsini tam sağaldan monteneqrolu yarımmüdafiəçi “Xəzər Lənkəran”la görüşə hazırdı.

 

Qeyd edək ki, ölkə çempionatında 21 turdan sonra 38 xal toplayan “Zirə” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.