Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 7-də Moldovada “Daçiya” ilə baş tutacaq görüş “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis avrokuboklarda ilk səfər sınağına çıxacaq.
Baş məşqçi kimi qitə miqyaslı turnirlərdə ötən həftə debüt edib, “Daçiya” ilə qolsuz bərabərliyə qalan Diniyev Moldovada uğur qazanmalıdı. Gəncə təmsilçisi mərhələ adlamaq üçün ən azı qollu heç-heçəyə ümid etməli və ya penaltilər seriyasında uğur qazanmalıdı.
Maraqlıdı ki, Diniyevin beynəlxalq arenadakı ilk səfər sınağı da Moldovada baş tutub. 2006-07-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olan mütəxəssis Kişinyovda bu ölkənin millisi ilə yoxlama matçında qolsuz heç-heçəylə kifayətlənib.
Ümumiyyətlə, onun rəhbərlik etdiyi əsas milli 10 səfər matçında qol problemi yaşayıb. İlk 8 görüşdə qol nə olduğunu bilməyən komandamız yalnız Qazaxıstanla seçmə və Tacikistanla yoxlama matçlarında qol vura bilib.
Elə yeganə qələbə də Asiya təmsilçisi ilə matça təsadüf edib. Səfərdəki 3 heç-heçədən biri də Asiya yığması – Özbəkistanla matça təsadüf edib – 0:0.
Avropalılar isə 8 matçdan 6-da Diniyevi məyus edib və ümumi hesabda aşkar üstün olublar - 20:1.
Şahin Diniyevin milli komandadakı səfər oyunları
18 may 2006. Kişinyov. YO. Moldova – Azərbaycan - 0:0
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan - 6:0
2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan - 1:0
7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya – Azərbaycan - 3:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
9 mart 2007. Çimkənd. BT. Qazaxıstan – Azərbaycan - 1:0
24 mart 2007. Varşava. AÇ. Polşa – Azərbaycan - 5:0
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan - 1:1
22 avqust 2007. Düşənbə. YO. Tacikistan – Azərbaycan - 2:3