“Qəbələ”nin “Borussiya” ilə oyununda (1:3) Dortmund təmsilçisinin qapısına qol vuran Dodo rekorda şərik çıxıb. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan klublarının heyətində avrokubokların əsas mərhələsində ən çox qol vuran futbolçulara çatıb.
II turun “Krasnodar”la səfər matçında da rəqib qapısına yol tapmış Dodo qrup mərhələsində həm özünün, həm klubunun 2-ci qolunu vurub. Onadək yalnız iki oyunçu klublarımızla əsas mərhələdə 2 qol vurmağı bacarıb.
2012/13 mövsümündə Nikolas Kanales “Neftçi”nin, cari mövsümdə isə Riçard Almeyda “Qarabağ”ın qrup mərhələsindəki 2 qoluna imza atıb. Ümumiyyətlə isə təmsilçilərimiz təsnifat mərhələləri nəzərə alınmasa, avrokuboklarda 2012-ci ildə debüt edib. Həmin vaxt “Neftçi”, 2014-cü ildə “Qarabağ” hərəyə 6 oyun keçirib. Bakılılar 4, Ağdam təmsilçisi 3 qol vurub.
Cari mövsüm həm “Qəbələ”, həm də “Qarabağ” hərəyə 2 qol vurub. Hərəyə 2 qol vuran Dodo, Riçard və Nikolasdan başqa, Flavinyo ilə Rəşad Sadiqov “Neftçi”nin, Muarem Muarem, Leroy Corc və Vüqar Nadirov “Qarabağ”ın heyətində 1 dəfə fərqlənib. Qeyd edək ki, təsnifat mərhələlərini də nəzərə alsaq, Dodo avrokuboklarda 4 qol vurub.