[b]Dördüncülük savaşı[/b]
12.10.2015 - 13:12
[b]Dördüncülük savaşı[/b]

Sabah AVRO-2016-nın seçmə mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirdə son matçına çıxacaq.

 

Çıxışını seçmə mərhələdə başa vuracağı dəqiqləşən komandamız eyni taleyi yaşayan Bolqarıstanla görüşəcək. X turun qarşılaşmaları çərçivəsində keçiriləcək matç Sofiyada baş tutacaq. Hər iki komanda üçün bu oyun formal xarakter daşıyacaq.

 

Tərəflər yalnız heç bir əhəmiyyət kəsb etməyən 4-cü yer uğrunda mübarizə aparacaq. Bu matç həm FİFA reytinqi, həm də nüfuz baxımından önəm kəsb etsə də, AVRO-2016 yolunda son sınaqdı.

 

Əvvəlki 9 oyununda 6 xal toplayan Robert Prosineçkinin yetirmələri 4-cü olmaq üçün mütləq qalib gəlməlidi. Əks halda isə yığmamız 4-cü yer uğrunda savaşdan məğlub ayrılmış olacaq. Çünki yığmamızı 2 xal qabaqlayan Bolqarıstana mövqeyini qorumaq üçün heç-heçə də kifayətdi.

 

Son iki səfər qarşılaşmasında Norveç (0:0) və Malta (2:2) ilə heç-heçə edən yığmamız bu məğlubiyyətsiz seriyanı davam etdirməklə kifayətlənməyib, tsikldə ikinci qələbəsini bayram etməlidi. Yalnız maltalılarla ev oyununda (2:0) 3 xala sevinən futbolçularımız rəqib meydanında ilk qələbə ilə seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirə bilər.

 

Bunun üçün komandamız tsiklin startında aldığı məğlubiyyətin əvəzini çıxmalıdı. Ötən il sentyabrın 9-da Bakıda 1:2 hesabı ilə uduzan yığmamız Sofiyadakı görüşə də revanş hissi ilə yollanıb. Çünki ilk matçda ən azı 1 xal qazansaydıq, hazırda 4-cü pillədə qərarlaşmışdıq. Bu səbəbdən Prosineçkinin yetirmələri Bakıda itiriləni səfərdə sığortalamalıdı.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

X tur

13 oktyabr

23:45. Bolqarıstan – Azərbaycan

Baş hakim: Tamaş Boqnar

Baş hakimin köməkçiləri: Peter Beretyan, Qabor Eros

Əlavə hakim-köməkçiləri: İştvan Vad, Jolt Şabo

Dördüncü hakim: Teodoros Georgiu (hamısı Macarıstan)

Hakim-inspektor: Con Flemminq (Şotlandiya)

UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)

Sofiya. Vasil Levski stadionu