“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “İnter”ə uduzdunuz. Yəqin ki, bu nəticə sizin üçün gözlənilməz olmadı...
- Sadə səhvlərimizdən qollar buraxdıq. Penalti oyunun qırılma anı oldu. Qapımıza 11 metrlik cərimə zərbəsi təyin olunduqdan sonra boşluqlar buraxdıq. “İnter”in qol imkanları olsa da, çoxunun qarşısını kəsə bildik. Rəqibimiz çempionatın ən az qol buraxan komandasıdı. Buna görə də, çox istəyirdim ki, onlara qol vuraq. Cari mövsümdə 12 qol buraxıblar ki, onun da 3-ü bizim payımıza düşüb. Oğuz Çətinin dövründə 2, mənim gəlişimdən sonra isə 1 dəfə onları mərkəzə dəvət etmişik. Bu dəfə də komandamın qol vurmasını istəyirdim, ancaq alınmadı. Sadio Tounkara və Alfred Sankonun yoxluğu da oyunumuza təsir etdi. Xüsusilə Sadionu qeyd edərdim. Biz adətən Tounkaranın cinah reydlərinə “bel bağlayırıq”. Ehtiyat oyunçular skamyamız da geniş deyil.
- Növbəti turda “Xəzər Lənkəran”ı daha bir çətin oyun gözləyir. “Neftçi” ilə prinsipial qarşılaşmada hansı nəticəyə ümid edirsiz?
- Meydana ancaq qələbə üçün çıxacağıq. “Xəzər Lənkəran” 8 ildi öz meydanında “Neftçi”yə uduzmur. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Lənkəranda ilk dəfə “Böyük oyun”a çıxacam.
- Yəqin razılaşarsız ki, indiki məqamda bu komandalar arasında keçirilən görüşləri “Böyük oyun” adlandırmaq doğru deyil...
- Matça elə rəng qatacağıq ki, “Böyük oyun” ifadəsi yenidən mahiyyətini qaytarsın. Həm futbolçulara, həm də azarkeşlərə güvənirəm. Fanatlar bizi heç vaxt tək buraxmırlar. “İnter”lə səfər qarşılaşmasında da stadionda rəqibdən çox, bizim azarkeşlər var idi. Matçın mahiyyətini qaytarmağa çalışacağıq.
- “Neftçi” ilə matç öncəsi heyətlə bağlı problemləriniz yoxdu ki?
- Tounkara və Sanko cəzalarını başa vurdular. Bundan əlavə, hərbi xidmətdə olan futbolçularımız – Kamran Abdullazadə və Tərlan Qasımzadə də artıq qayıdıblar, komanda ilə birgədilər. Problemimiz yalnız Tomiçlə bağlıdı. Dirsəyində zədəsi olduğu üçün “İnter”lə oyunda bizə kömək edə bilmədi. Müayinə olunacaq. Məhz bundan sonra vəziyyətinə tam aydınlıq gələcək. Həkimlər əllərindən gələni edirlər ki, Tomiç “Neftçi” ilə matçda oynaya bilsin. Oynamaq ehtimalı daha çoxdu, nəinki oynamamaq.
- Öz oyun fəlsəfənizi komandaya tam olaraq, aşılaya bilmisizmi?
- Gənc futbolçularımızda özünəinam hissi az olduğu üçün tez-tez səhvlər buraxırlar. Amma sərgilənən oyundan razıyam. Əsas odu ki, hücum futbolu oynayırıq. Özü də hücuma daha çox cinahlardan keçirik. Sadəcə, həlledici anda ötürmə verməyi və son nöqtəni qoymağı bacarmırıq. Uşaqlar rəqibin cərimə meydançasında özlərinə inanmırlar. Məşqdə zərbələrin üzərində o qədər işləyirik ki... Ancaq mən onların heç birini oyun vaxtı görmürəm. Başa düşürəm gənclərdi, lakin oyundan-oyuna təcrübələri artmalıdı. Nədənsə hələ də futbolçularımızda inamsızlıq var. Zərbə vuranda özlərinə inanmırlar.
- Yayda “Xəzər Lənkəran”ın heyətində dəyişikliklərin olacağı və komandanın iddiasını yenidən artıracağı gözlənilir...
- Dəyişikliklər olacaq. Bu, dəqiqdi. Komandaya mütləq yeni futbolçular gələcək. Azarkeşlər növbəti mövsümdə fərqli “Xəzər Lənkəran” görəcəklər.
- Sizin aqibətiniz necə olacaq? “Xəzər Lənkəran”ın əsas komandasına növbəti mövsümdə də siz rəhbərlik edəcəksiz?
- Hələ bilinmir. Mövsüm başa çatandan sonra klub rəhbərliyi qarşısında hesabat verəcəm. Bundan sonra gələcək taleyimə aydınlıq gələcək. Məsləhət olsa, qalacam.
Tengiz MƏMMƏDOV