[b]AFFA rəsmisi: 14 günə sənədləri gətirə bilməyiblərsə...[/b]
31.05.2016 - 11:32
[b]AFFA rəsmisi: 14 günə sənədləri gətirə bilməyiblərsə...[/b]

“Hesabat hazırlayıb, Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov deyib.

 

AFFA-nın Lisenziya Komissiyasının dünən keçirilən iclasında Topaz Premyer Liqasının 2016/2017 mövsümündə iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Toplantıda klublardan heç birinin sənədləri tam şəkildə təqdim etmədiyi müəyyənləşib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.

 

Məsələ ilə bağlı danışan Elçin Məmmədov bunları deyib: “Lisenziya Komissiyası tərəfindən hansı qərarın qəbul olunacağı vacibdi. Adətən lisenziya üçün bir daha müraciət edən klubların adlarını bir yerdə açıqlayırıq. Hələlik rəsmi qərar olmadığı üçün biz klubların adlarını açıqlamırıq. Klublara güzəştlə bağlı qərarları Lisenziya Komissiyası verir. Bu faktdı ki, hal-hazırda 8 klubdan başqa standartlara tam cavab verən klub yoxdu. Bundan sonra necə olacaq, yəqin ki, yaxın günlərdə komissiya yığışaraq, qərar verəcək”.

 

Məmmədov bildirib ki, komissiya AFFA-da çalışmayan, müstəqil insanlardan ibarət olacaq: “Lisenziyalaşdırma Qrupu inzibati orqandı. Biz klublarla gündəlik fəaliyyətdə, təmasdayıq, onlara kömək edirik. Komissiya isə ildə bir dəfə yığılır. Orda AFFA-da çalışmayan, müstəqil insanlar olur və hər biri öz sahəsinin ekspertidi. Biri iqtisadçı, biri maliyyəçi, biri hüquqşünas, biri infrastrukturla, biri uşaq futbolu ilə məşğul olan adamdı. Hələ hesabat hazırlanmayıb. Hazır olan kimi komissiyaya təqdim ediləcək”.

 

Lisenziyalaşdırma qrupunun rəhbərinin sözlərinə görə, klublara növbəti əlavə vaxt verilməyəcək: “Əgər 14 günə sənədləri gətirə bilməyiblərsə, vaxtı uzatmağın mənası yoxdu. Artıq format müəyyənləşməlidi, komandalar növbəti mövsümə hazırlıq görməlidi. Buna görə də, lisenziya problemi olan klublara əlavə vaxtın veriləcəyini düşünmürəm”.

 

Qeyd edək ki, mayın 16-da keçirilən ilk iclasda 8 klubla (AZAL PFK, İnter PİK, Kəpəz PFK, Qarabağ FK, Qəbələ İK, Neftci PFK, Sumqayıt FK və Zirə PFK) ilə bağlı müvafiq qərarlar açıqlanıb. Onlara növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilib. Digər komandalar 14 günlük güzəştdən də istifadə etmədiyindən hazırda yalnız 8 klub çempionatda oynamaq hüququna malikdi.

 

Tengiz MƏMMƏDOV

 

 

0