Azərbaycanlı futbolçu Rauf Əliyevin “Kukesi” karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, yayda keçdiyi Albaniya təmsilçisindən ayrılan hücumçunun legioner həyatı zəngin alınmayıb.
Rauf Superliqada 13 matç keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu meydanda olduğu 727 dəqiqədə 3 qol və 2 sarı vərəqə ilə fərqlənib.
Əliyev hər üç qolunu oktyabrda vurub. O, ayın 12-də səfərdə “Luşnya” (2:0), 16-da evdə “Teuta” (4:2), 21-də rəqib meydanında “Luftetari”nin (3:0) qapısına yol tapıb.
Həmyerlimizin Superliqada debütü sentyabrın 9-da “Kamza” (1:0), son matçı dekabrın 9-da “Lüşnya” (1:3) ilə ev oyununa təsadüf edib. Lakin “9”dan “9”a olan üçaylıq və 13 görüşlük Superliqa həyatı ilə yanaşı, Rauf “Kukesi”də daha 4 rəsmi matça çıxıb.
Onun yeni klubunda debütü sentyabrın 6-da “Tirana” ilə Superkubok görüşünə təsadüf edib və 0:1 hesablı məğlubiyyət mövsümə titulla başlamağa mane olub. Ölkə kubokundakı 3 oyunda 1 qol vuran hücumçu dekabrın 13-də “Erzeni” ilə ev matçında rəqib qapısına yol da tapıb. Bu, Əliyevin “Kukesi”də ümumilikdə 17-ci, həm də sonuncu matçı olub. Legioner kimi 4 qola sevinən futbolçumuz bunu debütündən son matçınadək sürən 99 gündə gerçəkləşdirib.