“Öncə onu deyim ki, yaxşı oyun keçdi. Hava, meydança da əla idi”. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Topaz Premyer Liqasının “Neftçi” – “Xəzər Lənkəran” oyununu izləyənlər arasında AFFA-nın baş katibi də olub. O, “Böyük oyun” başa çatdıqdan sonra saytımıza müsahibə verib.
Məmmədov bildirib ki, qarşılaşmaya daha çox azarkeşin gələcəyini gözləyirmiş: “Hesab edirəm ki, çox maraqlı qarşılaşma idi. Son dəqiqələrə kimi, gərgin görüş izlədik. Azarkeşlərin sayı da az deyildi. Məncə, 4 minə yaxın azarkeş vardı. Təbii ki, belə oyunlarda daha çox tamaşaçı gözləyirik. Amma bu qədər azarkeş sayı da pis göstərici deyil”.
Qeyd edək ki, “Neftçi” “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu meydan sahiblərinin kamerunlu hücumçusu Ernest Enfor vurub.