[b]Emil Balayevin komandası “1 nömrəsini” seçdi[/b]
05.08.2015 - 11:17
[b]Emil Balayevin komandası “1 nömrəsini” seçdi[/b]

“Ayntraxt”da çıxış edən həmyerlimiz Emil Balayevin əsas heyətə düşmək şansı yenidən azalıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi heyətinə daha bir qapıçı cəlb edib.

 

Bu, Finlandiya yığmasının üzvü Lukas Qradeçkidi. “Ayntraxt” Danimarka klubu “Brondbü”dən transfer etdiyi 26 yaşlı qolkiperə 1 nömrəli formanı verib. Lakin Qradeçki hələ də “Brondbü”də çıxış edir. Belə ki, Danimarka klubu sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Omoniya” ilə cavab matçına çıxacaq. Həmin qarşılaşmada sonuncu dəfə bu komandanın formasını geyinəcək Qradeçki daha sonra yeni klubu “Ayntraxt”ın düşərgəsinə qoşulacaq.

 

Bununla da “Ayntraxt”da qapıçıların sayı yenidən 4-ə çatıb. Kevin Trapp və Feliks Vidvaldın gedişindən sonra çərçivədə yaranan boşluq məhz Qradeçki və “Austriya”dan alınan Heinz Linderlə doldurulub. 2015/16 mövsümündə Linder 13, Emil Balayev 23, Yannik Zummak isə 33 nömrəli formanı geyinəcək.

 

Almaniyalı həmkarlarımız Emilin yenidən 3-cü qapıçı olacağını proqnozlaşdırırlar.