[b]Əmrah Çəlikəl: Reynaldo haqda yayılan xəbərlər şayiədi[/b]
14.08.2014 - 16:14
[b]Əmrah Çəlikəl: Reynaldo haqda yayılan xəbərlər şayiədi[/b]

“Bakı” rəhbərliyi Namiq Ələsgərovla Şəhriyar Əliyevin komandamıza keçidinə görə bizdən təzminat istəyirdi.  AFFA isə bu barədə artıq qərar çıxarıb. Həmin qərarda göstərilib ki, hansı hallarda təzminat tələb etmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

 

Klub rəsmisi “Bakı”dan ayrılaraq “Qarabağ”a keçən Namiq Ələsgərov və Şəhriyar Əliyevlə bağlı son günlər müzakirə olunan problemə aydınlıq gətirib: “Əgər onlar 23 yaşına qədər futbolçuların “Bakı”ya məxsus olduğunu və hər hansı kluba keçdiyi zaman təzminat almalı olduqlarını iddia edirsə, buna FİFA və UEFA-nın qaydalarına uyğun qərar verilməlidir. Belə bir şey varsa, biz də təzminatımızı ödəyəcəyik”.

 

Əmrah bəy komanda üçün Suraxanıda tikiləcək stadionun nə vaxta qədər hazır olacağına da aydınlıq gətirib: “Suraxanıda komandamızın təlim-məşq bazası yerləşir. Stadionun və məşq meydançalarının tikilişi hələ də davam edir. Planlaşdırmışıq ki, yanvar və ya fevral aylarına kimi həm komandamızın oynayacağı stadion, həm də məşq meydançaları hazır olsun. Əgər bir problem çıxmazsa, o vaxta qədər işlər yekunlaşacaq”.

 

Ağdam klubunun direktoru Topaz Premyer Liqasının II turunda keçiriləcək “Qarabağ” – “İnter” oyununun başqa stadionda baş tuta biləcəyini də istisna etməyib: “Düzdü, biz “İnter”lə oyunumuzu başqa stadionda keçirmək istəyirik. Çünki Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqa oyunumuzu oynayacağıq. Orada vəziyyət ağırdı. Bu stadionda bundan öncə də matçlar keçirmişik. İstərdik ki, başqa hər hansı stadionda olsun. Amma bu barədə hələ ki, bir qərar yoxdur. Olan kimi açıqlayacağıq”.

 

Əmrah Çəlikəl son zamanlar Reynaldo haqqında çıxan xəbərlərə də münasibət bildirib. O deyib ki, ona Avropa klublarından təklif gəlməsi xəbərləri şayiədir: “Bu gün  xəbərlərdə oxudum ki, İspaniyanın “Levante” klubu Reynaldoya təklif göndərib. Amma bu şayiədir. Nəinki “Levante”, heç bir komanda onun üçün bizə rəsmi təklif göndərməyib. Əslində, bu xəbərlərin çıxması mənfi haldır. Çünki belə şeyləri oxuduqca onun da fikri yayınır. Bu xəbərlər mətbuata kiminsə maraqları üçün ötürülür. Ona görə biz bu söz-söhbətlərə ciddi yanaşmırıq. Əgər rəsmi təklif olarsa, hər şeyi mətbuata açıqlayacağıq”.