“Barselona”nın hücumçusu Neymar İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sorğu İspaniya Futbol Federasiyası tərəfindən aparılıb.
Noyabr ayında La Liqada keçirdiyi 3 oyunda 5 qola imza atan braziliyalının, xüsusən də, “Real”a qarşı “El Klasiko”dakı parlaq çıxışı bu nominasiyada qalib seçilməsinə şərait yaradıb. Ümumilikdə isə cari mövsümdə ölkə çempionatında “sambaçı”nın aktivində 16 qol, 6 məhsuldar ötürmə var.
Noyabrın ən yaxşı baş məşqçisi adına isə “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone layiq görülüb. Madrid təmsilçisi ötən ay onun rəhbərliyi altında keçirdiyi 3 görüşün hamısında (“Espanyol”, “Betis”, “Sportinq Xixon”) 1:0 hesablı qələbə qazanıb.
İspaniya La Liqasında geridə qalan 14 turdan sonra “Atletiko” 2-ci pillədə qərarlaşır və lider “Barselona”dan cəmi 2 xal geri qalır.