Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olan “Şkendiya” 90 dəqiqə ərzində təmsilçimizdən üstün futbol nümayiş etdirməklə diqqət çəkdi. Oyundan sonra makedoniyalıların müdafiəçisi Eqzon Bejtulal apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Səfərdə qolsuz heç-heçəni xeyrinizə yazmaq olarmı?
- Maraqlı oyun alındı. Bizim qol vurmaq üçün şansımız daha çox oldu. Çalışdıq ki, şanslardan heç olmasa birindən yararlanaq. Təəssüf ki, bunu bacarmadıq.
- İkinci hissəyə ehtiyatlı başladınız...
- Bəli, fasilədən sonra bir qədər diqqətli oynamağa çalışdıq. Çünki “Neftçi” evdə oynadığına görə hücum edəcəkdi. Biz isə onları əks-hücumda yaxalamağı və qol vurmağı düşünürdük. Ancaq rəqibin müdafiəçiləri yaxşı oynadılar.
- Yaxaladığınız qol epizodlarını realizə etməyə nə mane oldu?
- Bəxtsizlik.
- Növbəti mərhələyə yüksəlmək üçün hansı komandanın şansı çoxdu?
- İkinci oyunda üstünlük tərəfimizdə olacaq. Çünki doğma meydanda oynayacağıq. Azarkeşlər də bizi dəstəkləyəcəklər. Ümid edirəm ki, mərhələni "Şkensiya" keçəcək.
- Oyundan əvvəlki informasiyanız “Neftçi”ni kifayət qədər öyrənməyinizə yetdimi, yoxsa matç zamanı düşüncələriniz dəyişdi?
- Ciddi dəyişiklik olmadı. Rəqibimiz haqda lazımi informasiyanı əldə etmişdik. “Neftçi”yə hörmətlə yanaşırıq. Yaxşı futbolçuları var. Ancaq biz daha çox hücum edəcəyik və qələbə qolunu vuracağıq.