[b]Erik Ramosdan Şahin Diniyevə qarşı hörmətsizlik[/b]
20.12.2015 - 15:11
[b]Erik Ramosdan Şahin Diniyevə qarşı hörmətsizlik[/b]

Gəncədə baş tutan “Kəpəz” – “Neftçi” oyununda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosla “Kəpəz”in baş məşqçisi Şahin Diniyev arasında kiçik qalmaqal yaranıb.

 

Hazırda davam edən qarşılaşmanın birinci hissəsinin sonlarında yan xətt hakimi Mehman Mahmudov “Neftçi”nin lehinə aut təyin etməklə gəncəli futbolçuların narazılığına səbəb olub. Mahmudovun epizodu “düzgün dəyərləndirməməsi” Şahin Diniyevi də özündən çıxarıb. Baş məşqçi hakimə narazılığını bildirdiyi bir vaxtda “flaqman”ın paraqvaylı futbolçusu Erik Ramos onun üzərinə şığıyıb. Onu digər futbolçular çətinliklə ordan uzaqlaşdırıblar.

 

Texniki zonanı tərk edərək Şahin Diniyevin yanına qədər gedən “Neftçi”nin qapıçı məşqçisi Dmitri Kramarenko da ona narazılığını bildirib. Ara sakitləşdikdən sonra Diniyev “Neftçi”nin qapıçısı Aqil Məmmədovdan komanda yoldaşını onun yanına gətirməsini istəyib. Məmmədov çətinliklə də olsa, Ramosu itələyə-itələyə “Kəpəz”in texniki zonasına gətirib. Şahin Diniyev də onu qucaqlayaraq, başını sığallayıb. Fasilədə soyunub-geyinmə otağına yollanarkən Diniyev yenə böyüklük edərək, “flaqman”ın əcnəbisini qucaqlayıb, onun könlünü alıb.

 

Qeyd edək ki, baş hakim Ömər Paşayev bu etiraza görə, Ramosu sarı vərəqə ilə cəzalandırıb.

 

Ruslan Sadıqov, Gəncə