“Düzdü, topa daha çox rəqib nəzarət edirdi. Bununla belə, uduzsaq da, bərabər səviyyəli oyun oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Arsenal” klubunun futbolçusu Artur Maloyan deyib.
Sloveniyada hazırlıq keçən Tula təmsilçisi dünən “Xəzər Lənkəran”la yoxlama matçında üz-üzə gəldi. Qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran erməni əsilli hücumçu bildirib ki, “Xəzər Lənkəran”a qol vurmaq istəyində imiş: “Özünüz də gördünüz ki, oyun qol epizodları ilə seçilmirdi. Qarşılaşma ərzində bir neçə hücum etdik və onların birində hesabı açdıq. Lakin dərhal da diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə də eyni hal yaşandı. Biz imkanlardan istifadə edə bilmədik, amma rəqib səhvimizdən yararlanıb daha bir qol vurdu. Ümumilikdə isə bir daha qeyd edim ki, bərabər oyun oldu. “Xəzər Lənkəran” yalnız topa nəzarətdə üstün oldu. Azərbaycan klubuna qol vurmaq istəyirdimmi? Təbii, amma tək Azərbaycan klubu olduğuna görə yox. Hücumçu hər bir oyunda qol vurmaq istəyir”.
Cənub təmsilçisinin müdafiə xəttini dəyərləndirən Maloyan Tyeqo Xesusu bəyəndiyini qeyd edib: “Əslində, “Xəzər Lənkəran”ın müdafiəçilərinə qarşı oynamaq o qədər də çətin deyildi. Hər şey bizim yarımmüdafiəçilərdən asılı idi. Onlar yaxşı ötürmələr verəndə, müdafiəni yarmaq mümkün olurdu. Tyeqo yaxı futbolçudu. Onunla yanaşı, Deyan Blajevskini də bəyəndim. Ümumilikdə, “Xəzər Lənkəran” çox yaxşı komandadı. Texnikalı, topa nəzarət edə bilən futbolçulara malikdi”.
Xatırladaq ki, "Xəzər Lənkəran" "Arsenal" üzərində 2:1 hesablı qələbə qazanıb.