“Təklif yoxdu, sakitlikdi. Əlbəttə ki, işsiz qalmaq mənim üçün çətindi. Amma nə edə bilərəm? Qismətimiz belədi”. Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssis Əsgər Abdullayev deyib.
“Araz Naxçıvan”ın Topaz Premyer Liqasındakı çıxışını dayandırmasından sonra işsiz qalan 54 yaşlı çalışdırıcının adı gah Məşqçilər Komitəsi, gah da 21 yaşadək futbolçulardan ibarət yığma komandamızla birgə hallandı. Lakin Abdullayev nə MK-nə, nə də U-21-ə cəlb olundu. Bu, təcrübəli məşqçinin özü üçün də təəccüblü qalıb: “Düzdü, mətbuatda məni gah U-21, gah da Məşqçilər Komitəsinə keçirdilər. Amma fakt budu ki, hazırda işsizəm. U-21 və ya MK-də niyə olmadığımı bilmirəm”.
Məşqçilik karyerası ərzində Azərbaycan yığması ilə yanaşı, “Şəfa”, “Bakı”, “Olimpik-Şüvəlan” (indiki AZAL) və “Turan” klublarını da çalışdırmış Abdullayev yenidən işləməyə hazırdı: “Mən başqa işlə məşğul deyiləm. Həyatımız futbolla keçib. Uzun müddət futbolçu olmuşam, neçə illərdi isə məşqçilik edirəm. Yəni özümü futboldan kənarda təsəvvür edə bilmirəm. O ki qaldı işləməyə, təklif gəlsə, hazıram”.