[b]Fariz Nəcəfov: Səviyyə fərqi öz sözünü dedi - MÜSAHİBƏ[/b]
22.10.2015 - 23:00
[b]Fariz Nəcəfov: Səviyyə fərqi öz sözünü dedi - MÜSAHİBƏ[/b]

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində öz meydanında “Borussiya”ya (Dortmund) 1:3 hesabı ilə uduzan “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- Komandanız qarşılaşmaya yaxşı başlasa  da, fürsətləri boşa verdi. Niyə belə alındı?

- Təəssüf ki, yaratdığımız epizodlardan istifadə edə bilmədik. Yararlana bilsəydik, fərqli olacaqdı. Oyunun gedişində komandalar arasındakı səviyyə fərqi özünü göstərdi.

 

- “Borussiya”nın bu qədər açıq futbola üstünlük verəcəyini gözləyirdiniz?

- PAOK-la oyunlarının fraqmentlərinə baxmışdım. Düzdü, ora tam heyətlə getməmişdilər. Amma bu gün nə gücləri vardısa meydanda qoydular.

 

- “Borussiya” gözlədiyiniz kimi oynadı?

- Bir qədər zəif çıxış edəcəklərini gözləyirdim. Ən azı tam heyətlə gəlməmişdilər. Amma əksini gördüm, güclü oynadılar.

 

- Qaçırdığınız epizodlar zamanı həyəcan var idi?

- Əvvəldə var idi. Amma 2 top buraxdıqdan sonra həyəcanımız da yox oldu. Azarkeşlərimizə komandanı sona qədər dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. Hesab 0:2 olduqdan sonra stadionu tərk edənlərə isə səslənirəm ki, oyunu sona qədər izləmək, dəstək olmaq lazımdı.

 

- Bundan sonra komandanın stimulu nə olacaq?

- Sona qədər mübarizəni davam etdirəcəyik. Geriyə yolumuz yoxdu. Növbəti matçımız da bu komandaya qarşı, bu dəfə səfərdə olacaq. Sona qədər mübarizə aparacağıq.

 

- Birinci qoldan sonra komandada “sınma” hiss etdinizmi?

- Sona qədər mübarizə apardıq. Amma ikinci qoldan sonra müəyyən qədər ruh düşkünlüyü oldu. Rəqibdən çəkinmirdik. Sadəcə, səviyyə fərqi öz sözünü dedi.

 

- Heyətinizdə sanki sonradan meydana çıxıb oyunun axarını dəyişə biləcək futbolçu yoxdu.

- Unutmayaq ki, biz bu gün “Borussiya”ya qarşı oynayırıq. Əlimizdən gələni etdik. Epizodları boşa verdik. Dörd real qol şansından ikisini reallaşdırsaydıq, fərqli olacaqdı.

 

- Sabiq baş məşqçiniz Yuri Syomin də stadionda idi...

- O, bura klub rəhbərliyinin dəvəti ilə gəlmişdi.

 

- Komandanın oyunu haqda nə dedi?

- Razı qaldı. Xüsusilə, müdafiə xəttinin çıxışını bəyəndi.

 

 

0