UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, FİFA dərəcəli hakimimiz Rəhim Həsənov bu görüşə yollanmayıb.
Azərbaycanlı hakimlər briqadasının idarə edəcəyi matça Həsənov 4-cü hakim kimi təyinat almışdı. Lakin referi viza problemi ilə üzləşdiyi üçün onun Kiprə səfəri baş tutmayıb. Əvəzində isə sabiq FİFA hakimi Fariz Yusifova təyinat verilib. Yusifov uzun müddətli fasilədən sonra yenidən beynəlxalq səviyyəli oyunda iştirak edəcək.
Qeyd edək ki, bu gün keçiriləcək APOEL– “Vardar” qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Mübariz Həşimov kömək edəcəklər.