[b]Federasiyanın baş katibi: Çalışacağıq ki, Alesio maksimum şəkildə cəzalansın [/b]
03.10.2014 - 12:26
[b]Federasiyanın baş katibi: Çalışacağıq ki, Alesio maksimum şəkildə cəzalansın [/b]

“Jose Alesio bizə xəbər vermədən təyyarə ilə Qazaxıstana uçub. Biz onun “Kayrat”dan təklif aldığını eşitmişdik. Amma onun AFFA ilə müqaviləsi vardı. Ona görə də bu təklifə qeyri-ciddi yanaşırdıq”. Bunu apasport.az saytına Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov deyib.

 

Futzal üzrə millimizin və Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva ölkəmizdən qaçıb. AFFA ilə müqaviləsinin olmasına baxmayaraq, braziliyalı çalışdırıcı daha yaxşı pul təklifi alan “Kayrat”da köməkçi məşqçi vəzifəsində işləməyə razılıq verib.

 

Ancaq AFFA 46 yaşlı çalışdırıcının bu əməlindən qarşı tərəfə şikayət məktubu ünvanlamağı planlaşdırıb. Sadıqovu dinləyək: “O, rəhbərlikdən xəbərsiz heç kimə demədən bilet alıb və Qazaxıstana qaçıb. Alesio orda köməkçi məşqçi vəzifəsinə gedib. Bu haqda AFFA rəhbərliyinə də xəbər vermişik. Onların da bundan xəbəri var. Qazaxıstan Futbol Federasiyasına Alesioya dair şikayət məktubu yazacağıq. Orda göstərəcəyik ki, onun bizimlə müqaviləsi var. AFFA-nın baş katibi Elxan Məmmədov səviyyəsində bu məsələ həll olunmalıdır. Onun “Kayrat”da çalışıb, millimizdə qalması məsələsi də bundan sonra bilinəcək. Hələlik bu məsələ müzakirə olunmayıb”.

 

Mahmud bəyin sözlərinə görə, hazırda AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın “Top Executive” proqramı çərçivəsində keçirilən İstanbuldakə iclasında iştirak etdiyi üçün onun gəlişini gözləyirlər: “Elxan Məmmədov hazırda Türkiyədədir. O, Bakıya qayıtdıqdan sonra federasiyamızın prezidenti Zaur Axundovla görüşəcək. Bundan sonra bu barədə qərar qəbul olunacaq. Yəqin ki, iş günü olmadığından, bu görüş bayramdan sonra baş tutacaq... Joze Alesionun özü ilə əlaqə saxlamamışıq. Onunla əlaqə saxlamağın heç mənası da yoxdur. O burda işləmək istəməyib qaçıbsa, buna ehtiyac duymadıq. Çalışacağıq ki, o, maksimum şəkildə cəzalansın”.

 

Qeyd edək ki, bir neçə gün öncə Joze Alesionun Qazaxıstandan təklif aldığı və Azərbaycanı tərk etdiyi xəbəri yayılmışdı. Ancaq “Araz”ın idman-direktoru olan Marat Salyanski bu xəbəri təkzib edərək onun qazaxların təklifindən imtina etdiyini bildirmişdi.

 

Səbuhi TOFİQOĞLU

 

 

 

 

0