Sabah Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI turun qarşılaşmaları 1/16 finala son vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək.
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın da taleyinə də məhz son tur aydınlıq gətirəcək. F qrupunda mübarizə aparan Ağdam klubu 1/16 final yolunda son addımını atmağa çalışacaq.
Tarixində ilk dəfə qrup mərhələsində çıxış edən “Qarabağ” Bakıda “İnter”lə görüşəcək. 2 il əvvəl ölkəmizə “Neftçi” ilə qarşılaşmaq üçün gələn Milan təmsilçisi ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Həmin vaxt 3:1 hesabı ilə qalib gələn “İnter” indi ölkəmizə qrup qalibi kimi gəlir.
Belə ki, son matçadək 1-ci yeri təmin edən İtaliya klubu üçün Bakıdakı görüş formal xarakter daşıyır. Qonaqların tanınmış məşqçisi Roberto Mançini də bu qarşılaşmada əsasən oynamayanlara şans verəcəyini açıqlayıb. Özünü göstərməyə çalışacaq bu futbolçular “Qarabağ”ın 1/16 final yolundakı son əngəl olacaq.
Bu səddi keçmək isə Qurban Qurbanovun yetirmələrinin öz əlindədi. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi mövqeyini qorumaq üçün mübarizə aparacaq. Bu üzdən “Qarabağ”a istənilən hesablı qələbə də kifayətdi. Təmsilçimiz qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.
Ağdamlılar 1 xal qazansalar, ümidlərini digər oyuna bağlayacaq. Çünki hər iki görüşdə bərabərliyin qeydə alınması da “Qarabağ”ı 1/16 finala daşıyacaq. Çempionumuz bunu bacararsa, qrup mərhələsini adlayan və mövsümün ikinci yarısına keçən ilk Azərbaycan klubu kimi futbol tariximizə düşəcək.
Əks halda, Kiyevdə qalib gələn qrup ikincisi olacaq. Bununla da ölkəmiz üçün avrokubok mövsümü başa çatacaq. Azərbaycan çempionunun məğlubiyyəti də eyni nəticə ilə başa çatacaq.
Avropa Liqası
Qrup mərhələsi
F qrupu, VI tur
21:00. “Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya)
Baş hakim: Miroslav Zelinka
Hakim köməkçiləri: Andjey Pelikan, İrji Molaçek
Dördüncü hakim: Antonin Kordulin
Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (hamısı Çexiya)
Hakim-inspektor: Ray Ellinqhem (Uels)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı