“Bakı”nın heyətinə qatmaq istədiyi bolqarıstanlı hücumçu Spas Delev Azərbaycanda yox, Fransada oynaya bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb ukraynalı hücumçu Ruslan Leviqa tərəfindən FİFA-ya şikayət edilən “zolaqlılar”ın transfer qadağası ilə üzləşməsidir.
Leviqaya 51 min dolları hələ də ödəmədiyindən, bu sanksiya qüvvədə qalır. Bu səbəbdən “Bakı”nın prezidenti Hafiz Məmmədov İspaniyanın “Las Palmas” klubundan qovulan futbolçunu özünün sahibi olduğu digər komandaya – “Lans”a gətirmək niyyətindədir. Bununla, Dimitar Berbatovun “Monako”ya keçidindən sonra Fransa çempionatında ikinci bolqar futbolçu çıxış etməyə çox yaxındır.
Bununla bağlı Spasın atası Boris Delev də danışıb. Onun sözlərinə görə, oğlunun hələ harda oynayacağı dəqiq deyil: “Hazırda heç bir yenilik yoxdur. Yenə gözləmə mövqeyindəyik. İndi nəsə deməklə, yalan danışmaq istəməzdim. 2-3 günə Spasın karyerasını harda davam etdirəcəyinə aydınlıq gələcək. Təklif ölkə xaricindən də, Bolqarıstandan da ola bilər. Bu, fərq etmir. Əsas necə təklifin gəlməsidir”.
Qeyd edək ki, Spas Delevi “Bakı”dan başqa, Sofiya MOİK-i də heyətinə qatmaq istəyir.