Topaz Premyer Liqasının arxada qalan 21 turunun 105 matçında 34 heç-heçə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatı Avropa ölkələrinin ən “sülhsevər” yüksək liqaları arasındadı.
Premyer Liqadakı qarşılaşmaların 32,4 faizi bərabərliklə nəticələnib. Bu da hazırda UEFA-ya üzv olan ölkələrin liqaları arasında üçüncüdü. Yalnız Xorvatiya və Rumıniya bizi “qabaqlayır”.
Xorvatiya çempionatında 110 matçın 38-də qalib müəyyənləşməyib. Bu da 34,6 faiz deməkdi. Rumıniyada isə heç-heçə göstəricisi 33,9-du. Burada 168 görüşün 57-də sülh qeydə alınıb.
Heç-heçələrin sayını azaltmaq, mübarizəni artırmaq üçün daim müxtəlif təkliflər irəli sürülüb, bir sıra addımlar da atılıb. Komandalarımızın uzun illər çıxış etdiyi SSRİ çempionatlarında da bərabərliklə mübarizə aparılıb.
Bir müddət sülhlə başa çatan çempionat matçının ardından penaltilər seriyaları vurulub və qalib 1 xal qazanıb. Uduzan isə heç-heçədən qazanc əldə etməyib. Ardınca 1978-88-ci illərdə isə heç-heçələrə limit qoyulub. İlk 2 ildə hər komandaya 8, növbəti 9 çempionatda isə 10 dəfə bərabərlik imkanı verilib. Bu limiti aşan komanda isə heç-heçə üçün xal almayıb. Belə addım komandaların heç-heçə ilə razılaşmayaraq, qələbə üçün sonadək vuruşması üçün atılıb.
Limitin tətbiq olunduğu son çempionatlarda hər komandanın 30 matç keçirdiyini nəzərə alsaq, hər komandaya matçlarının 1/3-də bərabərlik şansı verilib. Həmin məntiqlə 36 turluq Topaz Premyer Liqasında mümkün limit 12 ola bilər.
Təbii ki, bunun Azərbaycana tətbiqi bəzilərinə sərf etməyəcək. 21 turdan sonra “Sumqayıt”ın 9, “Kəpəz”, “Zirə”, “Rəvan”ın hərəyə 8 heç-heçəsi var. Bu komandalarda mübarizə əzmini artırmaq, heç-heçəyə meylliliyinin qarşısını almaq üçün limit yerinə düşə bilər.
Bununla bağlı əməkdaşımızla söhbətində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev belə variantın mümkünlüyünü istisna etmir. O, komandaları “sülh virus”undan qurtarmaq üçün Klublar Komitəsinə (KK) belə təklif verməyi düşünür. Məsələ KK-də müzakirə olunduqdan sonra qərarın verilib-verilməməyi gündəmə gəlməlidi: "Səsləndirdiyiniz təklifi Klublar Komitəsinin növbəti mövsüm üçün iclasında müzakirəyə çıxaracam".
Klublar Komitəsinin sədri Fikrət Hüseynov isə bu sistemin tərəfdarı olduğunu gizlətməyib: “O vaxt çempionatda 16 komanda iştirak edirdi. Oyun sayı da çox olduğundan, heç-heçə edən komandalar az olmurdu. Düzü, indi də oyun sayı çoxdu. Çünki çempionatda 10 komanda dörd dövrəli sistemlə mübarizə aparır. Hesab edirəm ki, o vaxt heç-heçələrə limit qoymaq düzgün qərar idi. Çünki bu, komandaları sürətli, baxımlı futbol oynamağa sövq edirdi. Aktivində 7-8 bərabərliyi olan klub fikirləşirdi ki, daha 2-3 heç-heçə etsəm, sonra xal verilməyəcək. Buna görə də, sürətli, keyfiyyətli futbol göstərirdilər. Təbii ki, PFL-dən Klublar Komitəsinə bu sistemin tətbiqi ilə bağlı bir təklif olarsa, bunu müzakirə edə bilərik”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”